Problem geridə qaldı: “Alfa” platformasından qaz hasilatı bərpa olundu
Türkiyə isə qaz bazarında almağa LNG axtarır - ekspert səbəbi açıqladı
19 Yanvar 2025
Regional boru kəməri vasitəsi ilə ötürülən qazın azalması səbəbindən Türkiyə qışda artan tələbatını ödəmək üçün mayeləşdirilmiş təbii qaz idxalına üz tutub. Bu barədə “Boloomberg” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, ölkənin dövlət qaz idxalçısı “Botaş”, bu həftə keçirilmiş tenderdə yanvarın sonundan mart ayına qədər çatdırılmaq şərti ilə yeddi LNG maye qaz daşıyan tankerin yükünü satın alıb. Treyderlər bildirilər ki, “Botaş” fevral ayı üçün almağa başqa bir mayeləşmiş qaz yükü axtarır. Onlar bildiriblər ki, Türkiyəyə qaz hasilatının azalması qismən Azərbaycandan boru kəmərləri ilə tədarükün azalması hesabına baş verib.
Xatırladaq ki, Azərbaycan “Şahdəniz-1” layihəsinin “Alfa” platformasında Səngəçal terminalına qazötürücü kəmərlərdə yaranan texniki problemə görə, Bolqarıstan və Serbiyaya qaz hasilatını dayandırıb. Bolqarıstan TAP kəməri vasitəsi ilə sutkada 5.5, Serbiya isə 1.7 milyon kub metr qaz alırdı.
“Bloomberq”-in yazdığından belə məlum olur ki, “Alfa” platformasından çıxan qazın ötürülməsində yaranan texniki problem Türkiyənin qaz təchizatına da mənfi təsir göstərib.
Amma neft-qaz sahəsi üzrə tanınmış ekspert İlham Şaban bu məlumatı inandırıcı saymır:
“Mən heç inanmadım… Məlumatı elə bil “mühasibatçı-filoloq” redaktor hazırlayıb. Niyə belə düşünürəm? Materialın açıq hissəsindən görünür ki, prosesin tam içərisinə daxil olmadan bu ilin tutaq ki, fevralına ötən illə müqayisədə daha çox LNG partiyası sifariş etməyə baxıblar. Bəli, Azərbaycandan idxal azalıb, amma bu həlledici məqam deyil. Çünki “Şahdəniz-1” üzrə Türkiyəyə idxal kiçik həcmdir. Həm də bu qış daha əvvəlki illə müqayisədə daha soyuq keçir, yəni Türkiyə bazarında tələbat artır. Çünki 50 mlrd m3 ildə qaz istehlakı olan Türkiyə - hər il ortalama 13-15 mlrd m3 LNG alır. Türkiyənin 2 stasionar və 1 üzən maye qaz qəbulu terminalı var. Türkiyə 2024-cü ildə 3 ölkədən boru kəməri ilə qazı idxal edibsə, 8 ölkədən də maye qazı alıb, o cümlədən ABŞ-dan idxal stabildir. Türkiyənin “Tuzgölü” yeraltı qaz anbarında 5 mlrd m3 qaz var… “Şahdəniz-1” üzrə ildə 3,5 mlrd m3 qaz alır, ötən il “Şahdəniz-2” üzrə isə 6 mlrd-dan çox alış olub”.
Ekspert vurğulayır ki, “Alfa” platformasının müvəqqəti dayanmasından dolayı fevral ayında Türkiyənin qaz bazarına təsir edəcək hansısa fövqəladə bir şey yoxdur, Türkiyə qış aylarında onsuz da 2 mlrd m3-dan çox maye qaz alır və bunu artıra da bilir, azalda da”, - İlham Şaban bildirib.
Onu da qeyd edək ki, bu gün “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin operatoru BP şirkəti bildirib ki, “Şahdəniz-1”-in “Alfa” platforması yanvarın 18-i, axşam saatlarından başlayaraq yenidən işə salınıb.
“Bundan əvvəl, “Alfa” platformasını Səngəçal terminalı ilə birləşdirən sualtı kondensat ixrac boru kəmərində yaranmış texniki problem tam həll edilib”, - açıqlamada qeyd olunur.
Turqut