Prezidentin köməkçisi "Azərbaycan özünü iki 'dünya müharibəsi' arasında sıxılmış hiss edir"
31 Yanvar 2026
ABŞ-nin İrana zərbə vurub-vurmayacağı ilə bağlı qeyri-müəyyənlik qonşu Azərbaycanda narahatlıq doğurur, lakin rəsmi Bakı bu məsələni Vaşinqtonla müzakirə etməyib.
Bunu Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev "The National" nəşrinə müsahibəsində bildirib.
"Vəziyyət proqnozlaşdırılmazdır, bundan yarana biləcək bütün təhdid və çağırışları düzgün qiymətləndirmək çətin olacaq", - o əlavə edib.
Hacıyev vurğulayıb ki, Azərbaycan öz narahatlığını Vaşinqtona çatdırmayıb: "Biz bu məsələni Birləşmiş Ştatlar ilə müzakirə etmirik, onlar da bu mövzunun müzakirəsi üçün heç vaxt bizimlə əlaqə saxlamayıblar".
Onun sözlərinə görə, Azərbaycan özünü iki "dünya müharibəsi" arasında sıxılmış hiss edir: "Bir tərəfdə Rusiya–Ukrayna müharibəsi, digər tərəfdə isə ABŞ-nin iştirakı ilə İsrail və İran arasındakı qarşıdurma".