Logo
news content
User
Kateqoriyalar

Xəbər

Premyer Liqa: "Qarabağ" "Neftçi"yə qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.

Turun mərkəzi qarşılaşmasında “Neftçi” “Qarabağ”ı qəbul edib. “Bakcell Arena”dakı görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın əvvəlləri qarşılıqlı hücumlar şəraitində keçsə də, Ağdam klubu 10-cu dəqiqədən sonra təşəbbüsü ələ alıb. Bunun məntiqi nəticəsi kimi, 5 dəqiqə sonra Abdullah Zubir meydan sahiblərinin 2 müdafiəçisini aldadaraq qapı isti qamətində zərbə endirib. Lakin İvan Brkiç fransalı yarımmüdafiəçinin fərqlənməsoinə imkan verməyib. 25-ci dəqiqədə matçda hesab açılıb. Kadi Borges uzaq məsagfədən qapını dəqiq nişan alıb. Ardınca müdafiəçilərin kobud səhvindən sonra Ramil Şeydayev qolkoiperlə təkbətək çıxsa da, fərqlənə bilməyib. “Qarabağ”ın çoxsaylı hücum cəhdlərinə baxmayaraq, ilk hissədə hesab dəyişməyib.

Fasilədən sonra da təzyiqini davam etdirən “köhlən atlar” 62-ci dəqiqədə fərqi artırıb. Borges özünün və komandasının ikinci qoluna imza atıb. Matçın sonlarına doğru fəallığını artıran “Neftçi” 82-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. “Ağ-qaralar”ın heyətində Mert Çelik adını tabloya yazdırıb. Paytaxt klubunun son dəqiqələrdəki çoxsaylı hücumlarına baxmayaraq, hesab dəyişməyib.

Bu qələbədən sonra xallarını 36-ya çatdıran “Qarabağ” liderliyini möhkəmlədib. “Neftçi” isə 22 xalla 4-cü sırada qalıb.

Qeyd edək ki, günün ilk oyununda "Zirə" səfərdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəlib. Tura fevralın 8-də keçiriləcək "Sabah" - "Qəbələ" və "Səbail" - "Sumqayıt" görüşləri ilə yekun vurulacaq.