Logo
news content
User
Kateqoriyalar

Xəbər

Polşa millisi Rusiya ilə oyundan imtina etdi

Polşa millisi bu il Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya yığması ilə martın 24-də Moskvada baş tutmalı görüşdən imtina etmək qərarına gəlib.

Bu barədə Polşa Futbol Assosiasiyasının prezidenti Çezari Kuleşa “Twitter” hesabından paylaşım edib.

O, B yolunda digər yarımfinalçılar İsveç və Çexiyadan olan həmkarları ilə də bu barədə danışıqlar apardığını bildirib:

“Artıq söz yoxdur, hərəkət etmək vaxtıdır! Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzü kəskinləşdiyi üçün Polşa millisi Rusiya yığması ilə pley-off matçı keçirmək niyyətində deyil. Bu, yeganə düzgün qərardır. FIFA-ya ortaq mövqe irəli sürmək üçün İsveç və Çexiya Futbol Federasiyaları ilə danışıqlar aparırıq”.

Bu paylaşıma münasibət göstərənlərdən biri Polşa millisinin və Almaniyanın “Bayern” klubunun hücumçusu Robert Levandovski olub.

“Bu, düzgün qərardır! Ukraynaya silahlı hücum davam etdiyi vaxtda Rusiya milli komandasına qarşı oynamağımı təsəvvür edə bilmirəm. Rusiya futbolçuları və fanatları buna görə məsuliyyət daşımır. Ancaq biz heç nə olmamış kimi də davrana bilmərik”.(oxu.az)