Polis əməliyyat keçirdi - 70 kq narkotik maddə dövriyyədən çıxarıldı
26 İyul 2024
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin son əməliyyatları zamanı narkotik maddələrin qanunsuz dövriyyəsilə məşğul olan mütəşəkkil dəstənin 5 üzvü - əvvəllər məhkum olunmuş Bəhlul İsmayılov, Röyal Əliyev, Xəyal Alıyev, Samir Ağayev və Əli Məmmədli saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, saxlanlan şəxslərdən ümumilikdə 70 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, metamfetamin, 3565 ədəd metadon, eləcə də preqabalin həbi, narkotiklərin onlayn satışında bilavasitə istifadə edilən bank kartları və tərəzilər aşkarlanıb.
Mütəşəkkil dəstənin üzvləri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik maddələrin gətirilməsini, qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını və əldə olunan gəlirlə əsasən gəncləri narkokuryerliyə cəlb etməyi planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib.
Mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.