Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pezeşkian: Müctəba Xamenei ilə təmaslar artır

İran prezidenti Məsud Pezeşkian bildirib ki, Ali Rəhbər Müctəba Xameneiyə birbaşa çıxış və onunla təmaslar getdikcə genişlənir. Müctəba fevralın 28-də atası Əli Xameneinin həlak olduğu hava zərbəsindən bəri ictimaiyyət qarşısına çıxmayıb.

Pezeşkian iyulun 21-də bir mərasimdəki çıxışı zamanı deyib ki, ABŞ ilə bağlı həm hərbi, həm də diplomatik addımlar birbaşa M.Xameneinin təlimatları ilə idarə olunur.

Məlumatlara görə, Müctəba atasının həlak olduğu hava hücumunda ağır yaralanıb. O, martda Ali Rəhbər vəzifəsinə keçəndən ictimaiyyət qarşısında görünməyib. Hətta bu ayın əvvəlində atası üçün təşkil edilən matəm mərasimləri və yürüşlərdə də gözə dəyməyib.

56 yaşlı M.Xamenei yalnız yazılı bəyanatlar yayımlayıb. İndiyədək onun heç bir fotoşəkli, video və ya səs yazısı ictimaiyyətə təqdim olunmayıb.

ABŞ kəşfiyyatının qənaətinə görə, kütlə qarşısına çıxmamasına baxmayaraq, M.Xamenei müharibə strategiyasında, eləcə də ABŞ ilə sülh danışıqlarının aparılmasında hələ də mühüm rol oynayır.