Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pəncəli Teymurov və Vaqif Qurbanova ölümündən sonra Milli Qəhrəman adı verilib

Gizir Pəncəli Nurməmməd oğlu Teymurov və baş leytenant Vaqif Bəxtiyar oğlu Qurbanova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamlarla "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş Teymurov Pəncəli Nurməmməd oğlunun və Qurbanov Vaqif Bəxtiyar oğlunun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, hər iki şəhid qəhrəmanın ailə üzvlərinə təqaüd təyinatı onların müraciətinə və hər hansı sənəd təqdim etməsinə ehtiyac olmadan, təqaüdə hüquq yaranan anda elektron sistem üzərindən proaktiv qaydada aparılıb.

Prezidentin aylıq təqaüdü (2000 manat) Milli Qəhrəmanların özlərinə, şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəmanların isə ailə üzvlərinə təyin olunaraq ödənilir.

Məlumat üçün qeyd edək ki, gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan–Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində Talış yüksəkliklərinin alınmasında iştirak edib və 2016-cı il aprelin 3-də döyüş zamanı şəhid olub.

Baş leytenant Vaqif Qurbanov isə Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi olub. O, 1992-ci ilin 8 aprelində Rusiyaya məxsus SU-25 hərbi təyyarəsini Sitalçay bazasından qaçırıb və Qarabağdakı əməliyyatlarda iştirak edərkən şəhid olub. Belə ki, onun idarə etdiyi təyyarə erməni silahlı qüvvələri tərəfindən Naxçıvanik - Əsgəran yaxınlığında vurulub.