Pekindən şirkətlərə: ABŞ sanksiyalarına məhəl qoymayın
05 May 2026
Çin öz şirkətlərinə ABŞ sanksiyalarına məhəl qoymamaq tapşırığı verib. "Bloomberg" yazır ki, bu misli görünməmiş addım geniş bank sektorunu iki ölkə arasındakı qarşıdurmanın mərkəzinə sala bilər.
ABŞ Xəzinədarlığı ötən həftə Çinin Lyaonin əyalətindəki "Hengli Petrochemical" neft emalı zavodunu milyardlarla dollarlıq İran nefti aldığına görə sanksiyaya məruz qoyub. Vaşinqton bu zavodun İranın neft iqtisadiyyatının saxlanmasında mühüm rol oynadığını bildirir. "Hengli" Çində ikinci ən böyük "çaydan" —müstəqil zavod — hesab olunur və Xəzinədarlığın məlumatına görə, "İranın silahlı qüvvələrindən xam neft alışında əsas rol oynayır".
Pekin indiyədək Vaşinqtonun birtərəfli sanksiyalarını "qeyri-legitim" adlandırıb. Lakin ölkənin nəhəng şirkətlərinin ABŞ maliyyə sisteminə çıxışını itirməməsi üçün onların bu sanksiyalara faktiki şəkildə əməl etməsinə səssizcə yaşıl işıq yandırıb.
Bu ay ABŞ prezidenti Donald Tramp ilə Çin lideri Si Cinpin görüşəcək. Belə bir ərəfədə Çin rəhbərliyi İranla neft ticarətinə görə ABŞ-nin sanksiya siyahısına düşən yerli özəl emal zavodlarına bu məhdudiyyətlərə məhəl qoymamağı tapşırıb. "Hengli Petrochemical" də bu zavodlar sırasındadır.
Kommunist Partiyasının rəsmi orqanı olan "People's Daily" qəzetində dərc edilmiş şərhdə bu qərar ABŞ-nin "əliuzun" yurisdiksiyasını məhdudlaşdırmaq yolunda "mühüm mərhələ" kimi qiymətləndirilib. "Bloomberg" yazır ki, Pekinin bu gedişi ABŞ sanksiya sistemini ciddi sınağa çəkəcək.
34.4 milyard dollarlıq kredit cəlbi
"Hengli" ilə işləyən banklar vəziyyəti anlamağa çalışır və tənzimləyici qurumdan izahat istəyirlər.
"Hengli Petrochemical Co." aprel ayında bildirmişdi ki, bu il özü və bölmələri üçün ümumilikdə 235 milyard yuan (34.4 milyard dollar) kredit cəlb etməyi planlaşdırır.
Çin İran neftinin ən böyük alıcısı sayılır. Ölkənin özəl emal müəssisələri İran, Rusiya və Venesueladan endirimli neft alaraq ABŞ sanksiyalarından yan keçə bilirlər. Banklar üçün alternativlərdən biri isə əməliyyatları yuanla aparmaqdır.
Əvvəllər Çinin Ticarət Nazirliyinə məsləhət vermiş professor Cui Fan bildirib ki, Vaşinqtonun Çin sənayelərini hədəf alan addımlarından sonra Pekin hərəkətə keçməyə məcbur qalıb. O, 2025-ci ildən etibarən bu prosesin daha kəskin xarakter aldığını vurğulayaraq xəbərdarlıq edib ki, sanksiya təzyiqinin artması "Çinin enerji təchizat zəncirinin sabitliyini poza, ölkənin enerji təhlükəsizliyi üçün ciddi risklər yarada bilər".
ABŞ Maliyyə Nazirliyi ötən həftə yaydığı xəbərdarlıqda bildirib ki, Çinin "çaydan" kimi tanınan müstəqil neft emalı zavodları İran neftinin idxalında oynadıqları rola görə sanksiya riski ilə üz-üzədir. Bu müəssisələrin böyük hissəsi ölkənin Şandun əyalətində cəmləşib.