Logo
news content
User
Kateqoriyalar

Xəbər

Payızda karantin rejimi olacaq?
COP29 zamanı Bakıda qapanma olacağı barədə məlumatlar yayılır, rəsmilər isə susur...

“Noyabr ayında Azərbaycanda keçirilməsi nəzərdə tutulan COP29 tədbirləri zamanı təhsil müəssisələri bağlanıb, distant təhsilə keçəcək, şəhərin mərkəzində yollar bağlanacaq, hərəkət məhdudlaşdırılacaq, dövlət müəssisələrində iş dayanacaq. Bir sözlə, karantinə bənzər rejim yaradılacaq...” 

Son günlər sosial şəbəkələrdə və vətəndaşlar arasında bu məzmunda məlumatlar yayılır. Belə böyük miqyasda tədbirin keçirilməsi Bakının nəqliyyat, iaşə və digər sosial infrastruktur sahələri üçün həqiqətən də yüklənmə deməkdir. Paytaxt adi günlərində belə tıxac və sıxlıqdan əziyyət çəkirsə, təxminən 100 min nəfər qonağı qarşılamaq və bir neçə həftə onlara ev sahibliyi etmək doğrudan da çətinlik yarada bilər. Bu, öz yerində. Amma deyilənlər nə qədər doğrudur? Həqiqətən də karantinə bənzər rejimə keçilməsi gözlənilirmi? 

Onu da qeyd edək ki, noyabr ayında ümumtəhsil məktəblərində bir həftəlik payız tətili olacaq. Ola bilər, qapanma söhbətlərinə bu məlumatın da təsiri var.  

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Pressklub.az-a verilən məlumata görə, COP29 tədbirləri zamanı ölkədə fəaliyyət göstərən məktəblərin işində fasilə yaranması ilə bağlı hazırda hər hansı bir qərar yoxdur: “Bununla bağlı hər hansı qərar qəbul edilsə, əvvəlcədən ictimaiyyətə məlumat veriləcək”.

Nazirlər Kabinetinin mətbuat xidmətinə dəfələrlə müraciət etsək də, suallarımıza cavab ala bilmədik. Xidmətin rəhbəri əvvəl məşğul olduğunu bildirdi, sonra isə mesajlarımızı cavabsız buraxdı... 

Aidiyyəti qurumların suallardan yayınması, birmənalı cavab verməməsi yayılan şayiələrin gerçək olma ehtimalını artırır. 

Hələlik isə bizə yalnız gözləmək qalır. Mövzuya qayıdacağıq... 

Günay Elşən