Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyanın müavini Qəbələyə gəlib

Noyabrın 28-də Qəbələdə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların 12-ci görüşü keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, görüşün tərəflərdən birinin ərazisində – Azərbaycanın Qəbələ şəhərində keçirilməsindən məmnunluq bildirilib. (əvvəlki görüşlər sərhəddə keçirilirdi)

Məlumata görə, tərəflər delimitasiya tədbirləri ilə bağlı təşkilati və texniki məsələləri, müvafiq təlimat layihələrini müzakirə ediblər.

Növbəti görüşü Ermənistan şəhərlərindən birində keçirməklə bağlı razılığa gəlinib.

Bu komissiyaların 11-ci görüşü bu il yanvarın 16 -da keçirilmişdi.

  • 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

  • Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları aparılıb. Nəhayət, bu il avqustun 8-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar. Sənəddə tərəflər bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir və qarşılıqlı iddiaların dayandırılması vacib sayılır.