Paşinyan Putin, Ərdoğan və Pezeşkianla danışıb
12 Avqust 2025
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb.
Kremlin açıqlamasına görə, N.Paşinyan avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Tramp və Azərbaycan prezidenti İlham Əliyevlə görüşün yekunları barədə ətraflı məlumat verib. V.Putin isə Yerevanla Bakı arasında davamlı sülhün təmin olunmasına töhfə verən addımların vacibliyini vurğulayıb. "Rusiya tərəfi 2020-2022-ci illərdə ən yüksək səviyyədə üçtərəfli razılaşmalara uyğun olaraq, Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşdırılmasına, o cümlədən regionda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasına kömək etməyə hazır olduğunu təsdiqləyib", - açıqlamada əlavə edilib.
Paşinyan Ərdoğanla danışıb
Ermənistan baş naziri Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla danışıb.
Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan Facebook paylaşımında bildirib ki, telefon danışığı zamanı Ermənistan hökumət başçısı avqustun 8-də Vaşinqtonda baş tutmuş görüşün nəticələri barədə Türkiyə dövlət başçısını məlumatlandırıb: "Ermənistan-Türkiyə ikitərəfli gündəliyinə dair məsələlər, xüsusən də daha əvvəl əldə olunmuş razılaşmaların icrası prosesi də müzakirə olunub. Baş nazir razılaşmaların həyata keçirilməsi üçün mühitin həmişəkindən daha əlverişli olduğunu vurğulayıb. Tərəflər fəal siyasi dialoqun davam etdirilməsi barədə razılığa gəliblər".
Paşinyan və Pezeşkian arasında telefon danışığı olub
Ermənistan baş naziri Nikol Paşinyan və İran prezidenti Məsud Peşezkian arasında telefon danışığı baş tutub. Bu barədə baş nazir Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan Facebook paylaşımında bildirib.
Mətbuat katibinin sözlərinə görə, Paşinyan avqustun 8-də Vaşinqtonda keçirilən danışıqların nəticələri barədə İran prezidenti Pezeşkianı məlumatlandıraraq Ermənistanla Azərbaycan arasında əldə olunacaq sülhün region üçün yaratdığı fürsətləri vurğulayıb.
Paşinyan qeyd edib ki, regional kommunikasiya xətləri ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində və qarşılıqlı hörmət əsasında fəaliyyət göstərəcək
"Paşinyan Pezeşkiana Vaşinqton razılaşmasını obyektiv qiymətləndirməsinə görə təşəkkür edib və İran prezidentinin Ermənistana gözlənilən səfərinin əhəmiyyətini vurğulayıb", - mətbuat katibi əlavə edib.
Ermənistan mətbuatı isə məlumat yayıb ki, Ermənistan xarici işlər nazirinin İranla münasibətlərin koordinasiyasına məsul olan müavini Vahan Kostanyan avqustun 12-də Tehrana səfər edəcək.