Paşinyan iki yeni nazir təyin edib
21 Noyabr 2024
Ermənistan baş naziri Nikol Paşinyan noyabrın 20-də yeni daxili işlər və infrastruktur nazirlərini təyin edib. O, beləcə, istefa verməyə məcbur qalmış altı yüksəkvəzifəli məmurdan ikisini əvəzləyib.
Yeni daxili işlər naziri Arpine Sarqsyan daha öncə nazir müavini olub. Armavir bölgəsinin başçısı David Xudatyan isə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə rəhbərlik edəcək.
Paşinyan daha iki hüquq-mühafizə qurumu, vergi və gömrük xidmətlərinə və məhkəmələrə nəzarət edən nüfuzlu orqana da yeni rəhbərlər təyin etməlidir.
Sözügedən istefaları baş nazirin azalan reytinqinə bağlayırlar. Paşinyan, beləcə, 2026-cı ildə və ya daha tez keçiriləcək seçkilər öncəsində azalan populyarlığını yüksəltmək istəyir. Əvəzləmələr yeni parlament seçkilərinin növbəti ilin əvvəlində baş tuta biləcəyi ehtimalını da artırıb.
A.Sarqsyanın 30 yaşı var. O, 2022-2023-cü illərdə ədliyyə nazirinin müavini çalışıb və hökumətin polisdəki islahatlarına nəzarət edib. İndiki hakimiyyət dönəmində cinayətkarlıq səviyyəsi artsa da, Sarqsyan dəfələrlə islahatları uğurlu adlandırıb.
Sarqsyan Paşinyanın istefasını tələb edən etirazçılara qarşı ötənilki repressiyalara, özəlliklə 100-dək insanın yaralandığı aksiyalar dağıdılarkən, polisin səs qumbaralarından istifadəsinə haqq qazandırıb. O, bir müddət sonra müxalif deputatı döyən polis əməkdaşlarını tənqid etməkdən də boyun qaçırıb.
İstintaq Komitəsinin sədri Arqişti Karamyan (solda) və parlamentin deputatı Ovik Aqazaryan parlament dinləmələri zamanı mübahisə edirlər.
Basqı olmayıb?
Hakim "Vətəndaş müqaviləsi" partiyasından deputat Ovik Aqazaryan noyabrın 20-də bildirib ki, altı nəfər yüksəkvəzifəli məmurun istefasından sonra parlamentdəki yerini buraxmaqla bağlı ona basqı göstərilməyib.
Mediada yayılan xəbərlərə görə, ötən ay parlamentdə Aqazaryanla İstintaq Komitəsinin keçmiş rəhbəri Arqişti Karamyan, az qala, əlbəyaxa olublar. Aqazaryan həmin komitəni vətəndaşların əsassız həbsində və ya onlara hədə-qorxu gəlməkdə suçlayıb. Karamyanın davranışını partiyanın digər üzvləri də qınayıb. Onlardan biri - Narek Zeynalyan qısa müddət sonra parlamentdəki yerini buraxmalı olub.
Ermənistan mediası iddia edir ki, Zeynalyan və Aqazaryana yazılı mesajlar göndərən Paşinyan onlara istefaya getmək əmri verib. Sonuncu heç bir mesaj almadığını və deputat kürsüsünü tərk etməyəcəyini söyləyib.
Aqazaryanın davranışı ilə bağlı partiyadaxili intizam araşdırması aparılarkən, deputat BƏƏ-yə mal-qara satan iş adamlarının cinayət işi üzrə də istintaqa cəlb edilib.