Paşinyan həbsdə olan Karapetyanın şirkətini milliləşdirmək istəyir
27 Noyabr 2025
Ermənistanın baş naziri Nikol Paşinyan həbsdə olan siyasi rəqibinə məxsus elektrik şəbəkəsini milliləşdirmək istədiyini bildirib. Amma bu addımın onun hökumətinə baha başa gələ biləcəyini etiraf edib.
Moskvada yaşayan Samvel Karapetyan iyunun 18-də həbs olunub. O, baş nazirin Erməni Apostol Kilsəsinə qarşı addımlarını sərt tənqid edirdi. Paşinyan isə onun həbsindən bir neçə saat sonra Ermənistan Elektrik Şəbəkələrini (EEŞ) tezliklə milliləşdirəcəyini vəd edib.
Ermənistan hökuməti iyulda EEŞ-in idarəçiliyini zorla ələ keçirib, Karapetyanın "Taşir" Şirkətlər Qrupunu ölkədə elektrik paylayıcı şəbəkəsini düzgün idarə etməməkdə suçlayıb. "Taşir" ittihamları siyasi motivli adlandırıb, Stokholm Ticarət Palatasının Arbitraj İnstitutuna müraciət edib. Yerevan hakimiyyəti isə institutun EEŞ-nin müsadirəsindən çəkinməklə bağlı qərarını nəzərə almayıb.
Karapetyanın holdinqi təzminat tələb edir
Paşinyanın siyasi tərəfdaşının rəhbərlik etdiyi enerji tənzimləyici qurumu ötən həftə "Taşir"in lisenziyasını alıb. Bu isə o deməkdir ki, tərəflər üç ay ərzində EEŞ-nin başqa bir investora satışı üzrə razılığa gəlməsələr, şirkət milliləşdirilə bilər. Bu halda hökumət "Taşir"ə EEŞ-nin bazar dəyərinə bərabər kompensasiya ödəməli olacaq.
Paşinyan tənzimləyici qurumun EEŞ-yə təyin etdiyi müvəqqəti inzibatçı Romanos Petrosyanla görüşüb. Baş nazir deyib ki, milliləşdirmə variantına üstünlük verir: "Şirkəti ələ keçirmək üçün ödəniş etməliyik və bu, əslində dövlət büdcəsi üçün xərc deməkdir. Bu xərcin dövlət büdcəsi üçün əsaslandırılmadığını görsək, onda şəffaf prosedurlarla yeni investor cəlb etməliyik".
Karapetyanın Moskvada yerləşən holdinqi Stokholmda gedən arbitraj işində Ermənistandakı ən böyük aktivinin qeyri-qanuni müsadirə edildiyini bildirib, 500 milyon dollar təzminat tələb edir. Bu məbləğin EEŞ-nin bazar dəyərinə yaxın olduğu güman edilir.
Paşinyanın sözlərinə görə, hökuməti şirkət üçün daha aşağı, "obyektiv" qiymət müəyyən etməyə çalışacaq ki, bu da "Taşir"in şirkətin idarəçiliyində yol verdiyi iddia olunan pozuntulara qarşılıq olacaq. "Yanılmıramsa, hüquqşünaslar buna pulyuma deyirlər", – Paşinyan belə deyib.
Qardaşı oğlundan reaksiya
AzadlıqRadiosunun erməni xidməti yazır ki, bəzi tənqidçilər bunu hüquq-mühafizə orqanlarına EEŞ-nin sahibi və vəzifəlilərinə əlavə cinayət işləri açmaq göstərişi sayırlar.
Hökumətin Petrosyanla görüşünü canlı yayımlaması isə Karapetyanın qardaşı oğlu və sağ əli Narekin sərt reaksiyasına səbəb olub. O, videomüraciətində dələduzluq ittihamlarını təkzib edib: "Şübhəsiz, Paşinyan insanları gözdən salmaqda yaxşıdır, amma detallara varmır. Bu, onun həm burada, həm də başqa yerlərdə zəifliyini göstərir".
S.Karapetyan öncə zorakı rejim dəyişikliyinə çağırış etməkdə ittiham olunub. Gələn ilin iyununda keçiriləcək seçkilərə yeni müxalifət qrupu ilə getmək qərarı verəndən sonra vergidən yayınma, dələduzluq və pul yumaq ittihamları ilə üzləşib olunub. Onun "Mer Dzevov" (Öz Yolumuzla) hərəkatının Paşinyanın əsas müxalifət rəqiblərindən biri olacağı gözlənilir.