Papoyan: Aİİ-yə qoşulduqdan sonra Ermənistanın Rusiya ilə ticarət kəsiri 2 milyard dollara qədər artıb
06 Noyabr 2026
Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olduqdan sonra onun Rusiya ilə xarici ticarətindəki mənfi saldosu 2 milyard dollara qədər artıb.
Ermənistan mediası xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan parlamentdə bildirib.
"Aİİ-yə qoşulmazdan əvvəl Ermənistanın Rusiya ilə xarici ticarətində mənfi saldo təxminən 700 milyon dollar təşkil edirdisə, bu gün 2 milyard dollara çatıb. Biz pul əvəzinə mal almışıq", - o qeyd edib.
Nazir, həmçinin Rusiyanın erməni sahibkarlara qarşı tətbiq etdiyi məhdudiyyətləri əsassız hesab edib.
"Ermənistandakı bəzi siyasi qüvvələrin bir neçə faiz səs toplayaraq parlamentə düşə bilməsi (2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərində - red.) xatirinə erməni istehsalçıların Rusiya bazarına çıxışının əsassız olaraq məhdudlaşdırılacağı nəzərdə tutulmurdu. Hesab edirik ki, əsassız məhdudiyyətlər ən qısa zamanda aradan qaldırılmalıdır", - Papoyan vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanın Aİİ-dən çıxması ölkənin iqtisadi artımını təxminən 1,5 % yavaşlada bilər. Aİİ-dən çıxmağın iqtisadi artıma birbaşa təsiri təxminən 0,6 faiz bəndi təşkil edə bilər. Beləliklə, əgər proqnozlaşdırılan iqtisadi artım 6,6 % təşkil edirsə, ittifaqdan çıxdıqdan sonra onun 6 %-ə qədər yavaşlaması mümkündür. Lakin əlavə mənfi amillərin mövcudluğu, xüsusən də ticarəti çətinləşdirə biləcək gömrük rüsumlarının tətbiqi halında, iqtisadi artım 5 %-ə qədər yavaşlaya bilər.
Qeyd edək ki, dünən Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Aİİ-dən çıxmaq niyyətində olmadığını bildirib.
"Biz Aİİ-dən çıxmaq üçün hazırlıqlara başlamamışıq. Biz xalqın qərar qəbul etməsi imkanını təmin etmək məqsədilə alternativin formalaşdırılması istiqamətində hazırlıqlara başlamışıq. Biz Aİİ-dən çıxmaq niyyətində deyilik", - o bildirib və əlavə edib ki, Ermənistan 2027-2028-ci illərdə Avropa İttifaqına üzvlüklə bağlı müraciət edəcək.