Özbəkistanın keçmiş DTX sədri yenidən həbs edilib
26 Noyabr 2026
Özbəkistan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçmiş sədri Abdusalom Azizov noyabrın 22-nə keçən gecə həbs edilib. 10-dan çox silahlı xüsusi təyinatlı onu əlləri qandallı, başına torba keçirilmiş halda evindən aparıb. AzadlıqRadiosunun özbək xidməti – "Ozodlik" bu xəbəri ölkənin güc strukturlarındakı mənbəyə istinadla yayıb.
Özbəkistan DTX-nin 66 yaşlı keçmiş rəhbəri son üç ayda ikinci dəfədir saxlanılır. O, avqustda saxlanılmış, bir neçə gün sonra isə Daşkənd Şəhər Cinayət İşləri Məhkəməsi onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçmişdi.
"Azattyq Asia" yazır ki, Azizovun yenidən saxlanmasının səbəbləri bilinmir və bu haqda hələlik rəsmi açıqlama yoxdur.
"Eltuzar" nəşri öz mənbələrinə əsasən yazır ki, təkrar həbsindən sonra keçmiş DTX rəhbərinin general-leytenant rütbəsi, dövlətin ona verdiyi mənzil və bütün digər güzəştləri əlindən alınıb.
"Ozodlik" bir neçə müstəqil mənbədən öyrənib ki, Azizova qarşı vəzifəsindən sui-istifadə, dövlət vəsaitini talama və səlahiyyət həddini aşma ittihamları ilə istintaq başladılıb. Mənbələrə görə, Azizov yığım fondunun vəsaitini talamaqda və Daşkənddə torpaq sahələrinin satışı ilə bağlı saxtakarlıqlarda şübhəli bilinir.
Azizov beş ildən çox Özbəkistan Dövlət Təhlükəsizliyi Xidmətinə rəhbərlik edib və 2024-cü ilin noyabrında bu vəzifədən azad olunub. Bundan sonra o, Prezident Administrasiyasında prezidentin ictimai-siyasi, dini-maarifçilik və gənclər məsələləri üzrə müşavirinin müavini vəzifəsində çalışıb. Azizovun bu vəzifədən çıxarılması barədə rəsmi məlumat yayılmayıb.
Ondan əvvəl DTX-nın sədri olmuş İxtiyor Abdullayev isə 2019-cu ildə həbs edilmişdi. Məhkəmə onu vəzifə səlahiyyətlərini aşaraq cinayətkar dəstə yaratmaqda, rüşvət almaqda, hədə-qorxu ilə pul tələb etməkdə və başqa cinayətlərdə təqsirli bilib. Həmin ilin sentyabrında Özbəkistan Hərbi Məhkəməsi Abdullayevi 18 il azadlıqdan məhrum edib.