Erməni əsgər ölən gün Baş Qərargah rəisi qonaqlıq verib
26 Noyabr 2026
"Hər il 17 noyabr tarixi hərbi tibb işçilərinin peşə bayramı kimi qeyd olunur. Əldə etdiyimiz məlumatlara əsasən, həmin gün hərbi həkimlər təxminən 300 nəfərin qatıldığı böyük bir bayram tədbiri təşkil ediblər".
Bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat yayıb.
"İştirakçılar arasında Ermənistan ordusunun Baş Qərargah rəisi (Edvard Asryan nəzərdə tutulur - red.) də yer alıb. Mənbəmizin verdiyi məlumata görə, məclis Vanadzorda yerləşən "Marsel" restoranında keçirilib və burada peşə bayramı gecə saatlarına qədər xüsusi təntənə ilə qeyd edilib. Lakin görünür, təşkilatçılar həmin gün baş verən faciəvi hadisələri nəzərə almağa ehtiyac duymayıblar. Belə ki, Silahlı Qüvvələrdə növbəti əsgər ölümü faktı qeydə alınmışdı və Qavarda həlak olmuş hərbi qulluqçunun yaxınları, qohumları yas içində idi", - deyə qəzetin məlumatında vurğulanır.
"Hraparak" qeyd edir ki, "Marsel" restoranından orada belə bir tədbirin keçirildiyi təsdiqlənib.