ABŞ İrana görə "Huawei"ni günahkar çıxardı
26 Noyabr 2026
Noyabrın 24-də Çinin "Huawei" şirkəti ABŞ-də cinayət işi üzrə təqsirli bilinib. Şirkət İranla biznes əlaqələri barədə bankları aldatmaqda və ABŞ şirkətlərinin kommersiya sirlərini oğurlamaqda ittiham olunurdu.
ABŞ hakimiyyəti "Huawei"nin milli təhlükəsizliyə təhdid yaratdığını bildirərək illərdir şirkətə qarşı tədbirlər görürdü.
Cinayət işi 2018-ci ildə başlanıb, növbəti il isə ABŞ hökuməti şirkətin Amerika texnologiyalarına çıxışını məhdudlaşdıraraq onu ticarət qara siyahısına daxil edib.
Ekspertlərin fikrincə, cinayət işi "Huawei"nin biznesinə ciddi zərbə vurmayıb. Şirkət fəaliyyət sahələrini şaxələndirərək Çinin süni intellektin inkişafı istiqamətindəki səylərində əsas iştirakçılardan birinə çevrilib.
İki aydan çox çəkən məhkəmə prosesində prokurorlar 60-dan çox, müdafiə tərəfi isə 15 şahid çağırıb.
"Huawei" və onun üç törəmə şirkətinə qarşı 12 ittiham irəli sürülüb. Bu ittihamlar sırasında mütəşəkkil cinayətkarlıq məqsədilə əlbir olma, bank dələduzluğu, elektron rabitə vasitəsilə dələduzluq və sanksiyaların pozulması yer alıb.
2018-ci ilin dekabrında "Huawei"nin maliyyə direktoru və şirkətin təsisçisinin qızı Men Vanjou ABŞ-nin həbs orderi əsasında Kanadada saxlanılıb. Bu hadisə ABŞ, Çin və Kanada arasında diplomatik böhrana səbəb olub.
Menə qarşı gizli ittiham irəli sürülmüşdü. O, sanksiyalardan yayınaraq İranla dollar əməliyyatları aparmaq üçün HSBC bankının əməkdaşını "Huawei"nin bu ölkədəki işi barədə aldatmaqda günahlandırılırdı.
Men üç ilə yaxın ABŞ-yə ekstradisiyasına qarşı mübarizə aparıb. Sonradan cinayət təqibinin təxirə salınması barədə razılaşma imzalanıb və o, Çinə qayıdıb. Ona qarşı irəli sürülən ittihamlar isə ləğv olunub.
2018-ci il tarixli ittiham aktında "Huawei"nin İrandakı biznes fəaliyyəti barədə HSBC, "Standard Chartered" və "BNP Paribas" banklarını aldatdığı vurğulanırdı.