Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ortaasiyalı miqrantlar rusiyalı generalın qətlindən sonra narahatdırlar

Dekabrın 18-də 29 yaşlı özbəkistanlının həbsi çox sayda ortaasiyalı işçi miqranta bəd xəbər olub. Axı gənc özbək yüksəkvəzifəli rusiyalı generalın qətlində suçlanır və bu olay Orta Asiyadan Rusiyaya işləməyə gələn hər bir miqrantın gələcək taleyini sual altında qoyur.

Kris Rikleton yazır ki, sözügedən həbs miqrantlar arasında qorxu və çaşqınlıq doğurub.

Son illər Rusiyada Orta Asiyadan olan miqrantlara hücumlar tez-tez baş verir. Minlərlə insan ya deportasiya edilib, ya da onların Rusiyaya girişi yasaqlanıb. Digərləri də hədə-qorxu və təhqirlərlə üzləşirlər.

İndi bir çox adam miqrantların durumunun daha da pisləşəcəyini gözləyir.

"Bu gün bazarın yaxınlığından keçərkən, orada bir neçə polis furqonu gördüm. Özbəkləri, qırğızları, tacikləri saxlayırdılar", - Moskvada yaşayan özbəkistanlı Zülfiyyənin sözləridir.

Fəsadlarla üzləşə biləcəyindən adını tam açıqlamayan bu qadın əlavə edib ki, bir müddət öncə tanışını qızıyla birlikdə deportasiya etdilər.

Miqrantlara qarşı ritorika yenidən güclənəcək

Rusiya uzun illərdir təqib və ayrıseçkiliklə üzləşən milyonlarla ortaasiyalı miqrantın əsas iş məkanı olub.

Mart ayında Moskva yaxınlığındakı konsert zalında 140-a yaxın insanın ölümünə yol açan terror aktından sonra Rusiya hakimiyyəti miqrantlara qarşı təzyiqləri gücləndirib.

Hücumda əli olmaqda şübhəli bilinən bir neçə tacikistanlı həbs edilib. Həmin şəxslər məhkəməyə aşkar döyülmə və işgəncə izləri ilə gətirilib.

Moskvada general İqor Kirillovun öldürüldüyü partlayış yeri.

Moskvada general İqor Kirillovun öldürüldüyü partlayış yeri.

Yüksəkvəzifəli hərbçi Kirillovu öldürməkdə təqsirləndirilən, ancaq adı çəkilməyən özbəkistanlının bir göz qırpımında həbsi sübhə doğurduğundan bəzi təhlilçilər həbs edilənin "günah keçisi" olduğunu düşünür. Britaniyadakı "Central Asia Due Diligence" tədqiqat təşkilatının direktoru, özbəkistanlı təhlilçi Əlişer İlhamovun fikrincə, həbs edilənin işgəncələrə məruz qalma ehtimalı yüksəkdir.

Rəsmi Moskva radiasiyadan, kimyəvi və bioloji silahlardan müdafiə qoşunlarının komandanı general-leytenant İqor Kirillovun qətlində Ukraynanı suçlayıb. Ukrayna Təhlükəsizlik Xidmətindəki qaynaq AzadlıqRadiosuna bildirib ki, partlayış bu xidmətin özəl əməliyyatının nəticəsidir.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) həbs edilən özbəkistanlının Ukrayna kəşfiyyatından təlimat aldığını bildirib.

FSB-nin yaydığı videogörüntüdə törətdiyi əməli etiraf edən özbəkistanlı deyib ki, qətl müqabilində ona 100 min dollar və Avropa pasportu vəd ediblər.

"Son zamanlar Rusiya siyasətçiləri arasında miqrantlara qarşı aşağılayıcı ritorika çox populyardır", - deyən İlhamov ardınca əlavə edib: "İndi bu ritorika daha da gücləndiriləcək. Rusiyadakı teleekspert və qanunvericilərin dilindən hələ çox söz eşidiləcək".

"Küçələrdə yoxlamalar gücləndiriləcək"

Miqrantlara münasibətini bildirən siyasətçilər arasında Rusiya prezidenti Vladimir Putinin əsas müttəfiqi, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin də var.

O, keçən il demişdi ki, Rusiya vətəndaşlığını almış miqrantlar Ukraynada döyüşməkdən boyun qaçırsalar, bu vətəndaşlıqdan məhrum edilməlidirlər.

Bastrıkin miqrantların törətdiyi cinayət sayının artmasını da dilə gətirmişdi: "İnsanlar deyirlər ki, ruslar cəbhədə olarkən, miqrantlar arxa cəbhədə bizə hücum edirlər".

Ortaasiyalı miqrantların durumunun onsuz da ağır olduğunu deyən və güvənlik səbəbindən adının çəkilməsini istəməyən qırğızıstanlı bir qadın sözügedən hadisədən sonra vəziyyətin daha da pisləşəcəyini düşünür: "Çox güman, küçə yoxlamaları artacaq".