Logo
news content
User
Kateqoriyalar

Xəbər

İcmal

“Onlar məni asacaqlar...”
Qorxu içində olan Putin Donetsk vilayətini tam ələ keçirmədən müharibəni bitirmək istəmir - "The Economist"

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibədə məğlub olmaqdan və bunun nəticəsində hakimiyyətini tamamilə itirməkdən ciddi şəkildə ehtiyat edir. Bu barədə Böyük Britaniyanın nüfuzlu "The Economist" nəşrində dərc olunan geniş məqalədə bildirilir.

Jurnalistlər Kremlin daxili kulislərinə bələd olan mənbələrə istinadən Putinin öz gələcəyi ilə bağlı dərin narahatlıq keçirdiyini yazır. Məqalədə Rusiya prezidentinin ətrafındakılarla söhbətdə işlətdiyi sarsıdıcı bir ifadə diqqətə çatdırılır: "Onlar məni asacaqlar". Lakin nəşr bu "onlar" ifadəsinin arxasında kimin dayandığını dəqiqləşdirmir - söhbətin Qərbdən, Ukraynadan, Rusiya elitasının narazı qanadından, yoxsa müharibənin gedişindən və komandanlığın addımlarından getdikcə daha çox narazılıq edən radikal "Z-ictimaiyyəti"ndən getdiyi açıq qalır.

"The Economist" yazır ki, Putinin ən böyük qorxusu müharibənin Donbas tam işğal olunmadan başa çatmasıdır. Rusiya lideri hesab edir ki, Donetsk və Luqansk vilayətləri tam şəkildə nəzarətə götürülmədən hərbi əməliyyatların dayandırılması onun hakimiyyəti və şəxsi təhlükəsizliyi üçün birbaşa təhdid yaradacaq.

Hazırda Luqansk vilayəti demək olar ki, tam şəkildə Rusiya qoşunlarının işğalı altında olsa da, Donetsk vilayətinin təxminən 15 faizlik strateji hissəsi hələ də Ukrayna Silahlı Qüvvələrinin nəzarətində qalır. Məhz bu fakt Kremlin hərbi strategiyasını çıxılmaz vəziyyətə salır.

Məqalədə, həmçinin ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya etdiyi gözlənilməz və məxfi səfərin təfərrüatlarına toxunulur. "Axios" nəşrinin yaydığı məlumata görə, Retkliff Moskvada Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbəri Aleksandr Bortnikovla təkbətək görüş keçirib. Ekspertlərin fikrincə, Vaşinqton bu diplomatik təmaslar vasitəsilə müharibənin dayandırılması üçün gizli kanalları bərpa etməyə çalışır.

Mövzunu “Radio Svoboda”ya şərh edən keçmiş xüsusi xidmət əməkdaşı, rusiyalı müxalif siyasətçi Qennadi Qudkov Vaşinqtonun bu addımını kəskin tənqid edib:

"Bu, təxminən 1943-cü ildə müharibənin mənasızlığını izah etmək üçün Gestapo ilə təmaslar axtarmağa, yaxud həbs düşərgələrindəki qəddarlığa təəccüblənməyə bənzəyir. Bütün qərarların qəbulunda tamamilə Putindən asılı olan Bortnikovu hazırda Rusiya isteblişmentində konstruktiv element adlandırmaq ya Rusiyanı heç anlamamaq, ya da çox böyük siyasi səhvə yol verməkdir".

Mövcud mənzərəni təhlil edən sosioloq Dmitri Dubrovski isə Putinin "Onlar məni asacaqlar" ifadəsini qorxudan daha çox öz ətrafının loyallığını yoxlamaq cəhdi kimi qiymətləndirir. Dubrovski bildirir ki, Rusiya cəmiyyətində antiamerikanist və antiqərb əhval-ruhiyyəsi yüksək olsa da, bu, cəbhədəki uğursuzluqları ört-basdır etməyə bəs eləmir:

"Rusiya ordusu Ukraynada hazırda harda dayanırsa-dayansın, bunu cəmiyyətə "qələbə" kimi sırfımaq heç bir halda mümkün deyil. Kremlin təbliğat maşını çıxılmaz vəziyyətdədir: ordunu saxlaya da bilmirlər, müharibəni davam etdirmək də onlar üçün həddən artıq ağırdır. Rusiya ordusunun cəbhədəki hərəkətliliyi Putini ruhlandırsa da, bu, nə onun ətrafı, nə də Rusiya əhalisinin əksəriyyəti üçün inandırıcı görünmür".

Sosioloqun fikrincə, Rusiya əhalisi dövlətə inanmasa da, Qərbə də etibar etmir. Lakin müharibənin uzanması daxili gərginliyi artırır və Kremlin "qələbə" ssenarilərini getdikcə daha illüzor edir.

Turqut