Logo
news content
User
Kateqoriyalar

Xəbər

Araşdırma

"Ona “Azneft” meydanında heykəl qoyulmalıdır "

20 sentyabr Azərbaycanda “Neftçilər günü” kimi qeyd olunur. Pressklub.az Azərbaycanın neft-qaz sektorunun vəziyyəti, ötən illər ərzində əldə edilmiş gəlirlər, onların xərclənməsi və perspektivlərlə bağlı neft-qaz sektoru üzrə tanınmış ekspert İlham Şabanın fikirlərini öyrənib. 



- İlham bəy, əvvəlcə qlobal enerji bazarındakı vəziyyətə baxışlarınızı öyrənmək istərdik. Çünki onun Azərbaycanın enerji bazarına təsirləri kifayət qədərdir. Bu təlatümlü dövr hələ çoxmu çəkəcək?

- Həqiqətən 2022-ci il dünya iqtisadiyyatı üçün gərgin oldu və belə də davam edir: postpandemiya dövrünün bu cür narahat və bəzi məkanlarda hətta əzablı yollarla irəliləyəcəyini yəqin keç kəs təsəvvürünə belə gətirmirdi, necə ki, ötən ilin sonlarında cari ildə neftin qiymətləri ilə bağlı verilən proqnozlar özünü doğrultmadı. 

Proqnozların alt-üst olması isə cari ildə Avropa qitəsinin, həqiqətən II Dünya müharibəsindən sonra görmədiyi, görülməsi bəlkə də təsəvvür edilməyəcək bir duruma qədəm qoymasından qaynaqlanır. Bunun da bir səbəbi var: qəfil başlayan müharibə, özü də çox qanlı və irimiqyaslı bir müharibə. Onun fəsadları da ağırdır, bir xeyli fəsadları isə sonralar özünü göstərəcək. Özü də fəsadların aradan qaldırılması təkcə müharibənin başladığı kimi bitməsi xəbərinə bağlı deyil. Çünki Qərb dövlətləri ilə Sovet İttifaqının rəsmi varisi olan Rusiya Federasiyası arasında ötən əsrin 60-cı illərinin ortalarından başlayan enerji ticarəti artıq qürub dövrünə qədəm qoyur. 

Bu il olmasa da, növbəti bir neçə ildə bu ticarətin hətta tam dayandırılması nöqtəsinə qədər inkişafı labüddür. Ticarət o yerdə inkişaf edir ki, satıcı və alıcı arasında qarşılıqlı etimaddan əlavə, mülayim münasibətlər də yaranır. Bu münasibətlər isə özünü sonradan siyasəti əlaqələrdə, mədəniyyətdə və turizmdə göstərir. Hazırda sadaladığım münasibətlər Qərblə Rusiya arasında artıq “illərlə tikilmiş körpülərin yandırılması” mərhələsində olmasa da, amma o körpülərdə gediş-gəlişin dayandırılmasına istiqamətlənib. Ötən il Rusiya Avropa bazarında 155 milyard kubmetr qaz satmışdı, cari il, Rusiya hökumətinin bu günlərdə səsləndirdiyi son qiymətləndirməyə görə, bu göstərici təqribən 50 milyard kubmetr az olacaq. Təbii ki, sonrakı illər daha da aşağı düşəcək.

Ona görə də xammal bazarları təlatümlü dövrlərini yaşayır və bazarda yaşanan hədsiz yüksək qiymətlər də onun nəticəsidir. Neft və qaz qiymətlərinin qlobal bazarda bahalı dövrü, hesab edirəm ki, hələ bir neçə il davam edəcək. 

- Sizin dediklərinizdən belə başa düşmək olar ki, qlobal bazarda baş verənlər iqtisadiyyatı enerjidən asılı olan Azərbaycan üçün əlavə imkanlar yaradır.

- Bəli, gəlir baxımından birbaşa belədir. Rəsmi açıqlanan statistikaya görə, 2022-ci ilin 8 ayında Azərbaycanın neft gəlirləri 13,72 milyard dollar, qaz gəlirləri isə 10,32 milyard dollar təşkil edib. Ölkənin ümumi ixracı 26 milyard dollardan çox olub. Özü də bu o zaman baş verib ki, ölkədə hesabat dövründə əmtəəlik neft və kondensat hasilatı həcmləri 1 milyon 198 min ton azalıb. Bunu barelə çevirəndə bilirsinizmi nə qədər edir? Təqribən 9 milyon barel. Ona görə də bazarda qiymətin ölkəmizin əldə etdiyi qazanca çox böyük təsirləri var. 

Dövlət Neft Fondunun təkcə bir layihədən – “Azəri-Çıraq-Günəşli” layihəsindən cari ilin 8 ayında əldə etdiyi gəlirə diqqət edək. Reallıqda bu, dövlətin payına düşən mənfəətdir – 6 milyard 629 milyon dollar. İndi baxaq ötən ilin 8 ayındakı nəticələrə - 3 milyard 488,5 milyon dollar. Artım 90% (!). Özü də qazancın az qala 2 dəfə artımı Azərbaycanın ən iri neft yataqları blokunda hasilatın 1 milyon tondan çox azalması fonunda baş verib.

- AÇG-dən söz düşmüşkən. Axı, Azərbaycanın “Neftçilər günü” elə bu layihə ilə bağlıdır. AÇG bir layihə kimi ona bəslənilən ümidləri doğrultdumu?

- Birmənalı olaraq, bəli. 28 il əvvəl Azərbaycan ilk neft müqaviləsini imzalayarkən qarşısına nə məqsədlər qoymuşdusa, onları reallaşdıra bilib:  Yenicə müstəqilliyini qazanmış və digər postsovet ölkələrindən fərqli olaraq müstəqilliyinə ərazi bütövlüyünün sarsılması, 1 milyon qaçqın axını, hiperinflyasiya və hətta dövlət sektorunda belə əməkhaqlarının aylarla gecikdirilməsi kimi problemləri olan ölkənin arzusu nə ola bilərdi? Əlində olan mümkün potensialdan istifadə etmək, nəyisə kapitala çevirə bilmək və sadaladığım problemlərin aradan qaldırılmasına nail olmaq. Bəs Azərbaycanın qlobal bazarda kapitala çevirilə biləcək nəyi vardı? Nefti. Azərbaycan bundan istifadə etdi: “Azəri”, “Çıraq” və “Dərinsulu Günəşli” yataqları üzrə bağladığı müqavilə əməliyyat şirkəti fəaliyyətə başlayandan 33 ay sonra ilk nefti verdi. Nəhayət, 1999-cu ilin dekabrında Azərbaycan ilk partiya mənfəət neftini aldı və dekabrın 24-də Azərbaycan Prezidentinin Fərmanı ilə Dövlət Neft Fondu yaradıldı. Fond xarici şirkətlərlə birgə hasilat fəaliyyətindən Azərbaycan dövlətinin payına düşən mənfəəti toplamalı və idarəçiliyində olan vəsaitləri artırılmalı idi. 

2022-ci il 1 sentyabr tarixinə Neft Fonduna təkcə “Azəri-Çıraq-Günəşli” layihəsindən 162 milyard 2 milyon dollar vəsait daxil olub. Dediklərimi yekinlaşdırsaq, AÇG müstəqilliyini yenicə qazanmış ölkənin iqtisadi baxımdan dirçəlməsini təmin etdi, Azərbaycanın bir gənc ölkə kimi nəhəng ölkələrlə əlaqələrinin yaranmasına və bəziləri ilə strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlməsini təmin etdi, ölkənin cəlbediciliyinin artması ona təkcə marağı artırmır, Azərbaycanda və regionda marağı olan ölkələrin təsirlərini də artırır. Bu baxımdan AÇG təkcə Azərbaycanın iqtisadi suverenliyinin onurğa sütunu rolunu deyil, həm də milli təhlükəsizliyimizin vacib elementi kimi ortaya çıxdı. Üç onillik işğalda olan ərazilərimizin azad edilməsi və onların bərpası kimi strateji məsələnin həllini isə xüsusilə vurğulamaq istərdim.

- Azərbaycanın AÇG-dən olan qazancı təkcə Neft Fonduna toplanan vəsaitlərdirmi?

- Yox. Azərbaycan AÇG layihəsindən bir neçə istiqamətdə gəlir əldə edir. Neft Fonduna daxilolmalar həmin gəlirin əsas hissəsidir, amma hamısı deyil. İkinci böyük gəliri hökumət götürür. Bu gəlir AÇG səhmdarlarının müqavilə şərtlərinə görə ödədikləri 25%-lik mənfəət vergisidir. Daha sonra AÇG müqaviləsində SOCAR 25%-lik payla iştirak edir, təbii ki, öz payına uyğun da mənfəət əldə edir. 

Daha sonra Dövlət Sosial Müdafiə Fonduna AÇG layihəsi üzrə iştirakçıların, podratçıların və subpodratçıların ödədikləri köçürmələrdir. İndi bir göz önünə gətirin, 1995-ci ilin əvvəlindən - AÇG fəaliyyətə başlayandan vergi, təqaüd fonduna köçürmə, ağ mühasibatlıq deyilən şeylərin faktiki olmadığı bir ölkəyə “Əsrin müqaviləsi” maliyyə-hesabatlıq sistemində nə qədər yenilik gətirib və nə qədər vəsait büdcəyə cəlb edilib. 

Bu da son deyil. Əsasən, son 15 ildə Azərbaycan şirkətlərinin, istər dövlət olsun, istərsə də özəl, aktiv surətdə AÇG-nin həyata keçirtdiyi layihələrdən hər il milyonlarla xidmət müqaviləsi çərçivəsində gəlirləri olmağa başladı. Özü də manatla deyil, dollarla.

- Amma nədənsə, belə məlumatların üzərindən hökumət sükutla keçir. Sizcə, hökumətin bunda marağı nədir? Nədən “Əsrin müqaviləsinin” ölkəmizə gətirdiyi gəlirlər bütün spektrləri ilə açıqlanmır?

- Təbii ki, bu suala dolğun cavabı yalnız hökumət özü verə bilər. Mənim müşahidə etdiyim odur ki, dövlət başçısının hökumətin qarşısında qoyduğu vəzifə qeyri-neft sektorunun inkişafı kimi strateji bir hədəfdir. Ona görə də hökumət bütün hesabatlarında qeyri-neft sektoru ilə bağlı məsələləri qabardır. Cəmiyyətə verilən mesaj isə budur ki, neft-qaz sektorunun hansı nöqtədən haraya gəldiyi məlumdur, indi onun gətirdiyi gəlirlərin qeyri-neft sahələrinin inkişafına necə xərclədiyimizə baxın. 

Ümumən, burada pis bir şey yoxdur. Amma birinin rolunun artırılması digər sektorun iqtisadiyyatda tutduğu real mövqenin kölgədə qalması hesabına cəmiyyətə təqdim edilməsi də arzu olunan deyil.  

Sizə sadəcə bir fakt açıqlayacam. Cari ilin 8 ayının nəticələrinə görə, Azərbaycanın  ümumi ixracında neft-qaz sektorunun xüsusi çəkisi 92,82%-ə qədər artıb. Qayıdaq düz 10 il əvvələ, Dövlət Gömrük Komitəsinin 2012-ci ilin 8 ayının yekunlarına olan məlumata görə həmin göstərici 93,4% idi. Amma 10 il əvvəl Azərbaycan gündəlik olaraq 880 min barel neft və kondensat hasilatına malik idisə, Energetika nazirliyinin açıqlamasına görə, hazırda bu rəqəm 641 min bareldir. Yəni maye karbohidrogen hasilatında azalma tempi 27 faizdən çox olsa da, ölkənin ümumi ixracında neft-qaz sektorunun xüsusi çəkisi cəmi 0,62% azalıb. 

- Niyə belədir?

- Çünki qaz hasilatımız artır. Neft azaldıqca onun yerini təbii qaz tutmağa başlayır. Son 5 ildə Azərbaycanda əmtəəlik qaz hasilatı 2 dəfəyə yaxın artıb və mavi yanacağa olan maraq onun qiymətini də artırdığından neft-qaz sektoru hökumətin əsasən də 2015-ci ildən başlayaraq qeyri-neft sektorunu “neft vəsaitləri” ilə geninə - boluna yaxşı mənada “sulamasına” baxmayaraq, yenə də öz  mövqelərini qoruyub saxlaya bilir. 

Bir sözlə, mən hər il təkrarladığım fikirlə söhbətimizi yekunlaşdırmaq istəyirəm: Azərbaycan neftçisi ona “Azneft” meydanında möhtəşəm heykəl ucaldılmasına layiq bir peşə sahibidir ki, onun fədakar əməyinin nəticəsi ilə kimdə məhəbbət hissi, kimdə qısqanclıq doğuran, kimdə isə qıcıq yaradan bir ölkə yaradılıb!  

Turqut