Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Omikron"la bağlı əhaliyə çağırış edildi

"Koronavirus infeksiyasının "Omikron" variantı ilə yoluxma üçün inkubasiya dövrü sələfləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə qısadır (əsasən, 1-3 gün). Həmçinin yeni ştam yüksək yoluxucudur".

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, o, artıq bir sıra ölkələrdə “delta” ştamını sıxışdıraraq qısa müddət ərzində dominant ştama çevrildiyi müşahidə olunur: "Sürətlə yayılan “Omikron” ştamı əksər hallarda daha yüngül keçir, əvvəlki ştamlarla müqayisədə ağır pnevmoniyanın inkişafı daha az rast gəlir, proses əsasən yuxarı tənəffüs yollarında yerləşir. Koronavirusun “Omikron” variantında yoluxduruculuq, yəni aşkar edilməsi dövrü daha qısadır. Buna əsasən, karantin dövrü bəzi olkələrdə xəstəliyin formasından asılı olaraq 5-7-9 günədək qısaldılıb".

Mütəxəssis qeyd edib ki, başqa mutasiyalardan fərqli olaraq, sağalma əksər hallarda daha tez baş verir: “Omikron” və təkrar xəstələnmə hallarından mövcud immuniteti (xəstələnmə və ya vaksinasiya nəticəsində əldə edilmiş) güclü olanlar şəxslər daha çox yayına bilir. Həmçinin tam vaksin olunmuşların xəstələnməsi hallarına daha az rast gəlinir (qorunmaq səviyyəsinin artırılması üçün buster doza tələb olunur). COVID-19-un bir variantı olduğu üçün ənənəvi PZR burun-udlaq yaxma testləri virusu aşkar edir. Lakin aşkarlanmış koronavirusun “Omikron” ştamı olmasını daha mürəkkəb və bahalı olan sekvenləşmə metodu ilə müəyyən olunur".

Təyyar Eyvazov

Təyyar Eyvazov

İnfeksionist “Omicron” ştamının spesifik simptomlarını da açıqlayıb: "Yeni ştamın spesifik simptomları yoxdur. Xəstəlik daha çox digər respirator virus infeksiyalarını xatırladır (əsasən subfebril hərarət, ümumi zəiflik, əzginlik, baş ağrısı, əzələ ağrıları, bədəndə qırılmalar, boğazda qaşınma və ya ağrı hissi, quru öskürək, burun axması və ya tıxanması, bəzən mədə-bağırsaq əlamətləri -ürəkbulanma, qusma və s). Dad və iybilmənin itirilməsi daha az rast gəlinir. İndi “omikron” və “delta” olan xəstələri ayırd etmək klinik cəhətdən demək olar ki, mümkün deyil".

"Yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra gücləndirici (buster) doza ilə peyvəndlənmək vacibdir. Qorunmaq yolları isə eynidir: maska geymək, insanların sıx toplaşdığı məkanlara getməmək, məsafə gözləmək, əl və respirator gigiyena qaydalarına ciddi əməl etmək. Hər bir şəxs məsuliyyətli olmalıdır. Özündə bu əlamətləri hiss etdikdə ilk növbədə özünü təcris etməli, təmaslarını azaltmalı, o cümlədən ailə üzvləri ilə, özü maska geyərək bunu digər ailə üzvlərindən də tələb etməli, sonra həkimə müraciət etməlidir. Valideynlər uşaqlarına qarşı diqqətli olmalı, onlarda xəstəliyin əlamətlərinin olmasını vaxtında aşkarlamalı. Xəstə uşağı evdə təcrid edərək bağçaya və ya məktəbə buraxmamalıdır. Eyni zamanda, vətəndaşlar vaksinasiyada aktiv iştirak etməli və buster dozanı göstərişə uyğun almalıdır" - nazirlik rəsmisi yeni ştamlardan qorunma üsullarından danışarkən deyib.