Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ombudsman nümayəndələri təcridxanada Abzas Media-nın jurnalistlərinə baş çəkib

Ombudsman nümayəndələri 1 saylı Bakı İstintaq Təcridxanasının monitorinqi çərçivəsində Abzas Media-nın həbsdə olan jurnalistləri Sevinc Vaqifqızı (Abbasova), Elnarə Qasımova və Nərgiz Absalamova ilə görüşüblər.

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokoluna uyğun olaraq Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçiriblər, bu barədə Ombudsman ofisinin məlumatında deyilir.

MPQ-nin ixtisasca həkim və psixoloq üzvlərinin də iştirak etdiyi başçəkmə zamanı müəssisədə saxlanılan bir neçə təqsirləndirilən şəxs, o cümlədən Sevinc Abbasova, Elnarə Qasımova və Nərgiz Absalamova da konfidensial qaydada qəbul olunub, müraciətləri yerində dinlənilib, bəzi müraciətləri yerində təmin olunub. Qəbul edilmiş şəxslərə hüquqları və Ombudsmanın səlahiyyətləri izah edilib.

Başçəkmənin yekununda təcridxananın rəhbərliyi ilə söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib, deyə Ombudsman ofisinin məlumatında bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl Abzas Media təcridxana əməkdaşlarının məhbuslara qarşı zorakılığından şikayət edərək, jurnalistləri ombudsmanın İstintaq Təcridxanasına gəlməyini tələb etmişdilər.