O faciəni bütün dünya eşitdi, bircə nəfərdən başqa… - Bir fotonun tarixçəsi
17 Oktyabr 2025
Beş il əvvəl bu gün - oktyabrın 17-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Gəncə şəhərini beşinci dəfə raket atəşinə tutdu. Ballistik raketlərdən biri yaşayış binalarının olduğu yerə düşmüşdü. Ətrafda insanlar ağlayır, xilasetmə qrupları dağıntıları qazır, kənardan izləyənlərin gözündə qəzəb və ümidsizlik qarışığı vardı.
Hadisə yerindən çəkiliş edirdim. Eşitdim ki, bir ailənin bütün üzvləri həlak olub, yalnız üç yaşlı Xədicə sağ qalıb. Xəstəxanaya getdim. Palataya daxil olanda Xədicə yatmışdı. Bədənində yara izləri vardı. Yanında xalası dayanmışdı. Narahatlıq içində, tez-tez telefona baxırdı, kiminləsə əlaqə saxlamağa çalışırdı. Nigaran idi. O, hələ bilmirdi. Bacısı, bacısının həyat yoldaşı və onların 16 aylıq körpəsi – Xədicənin valideynləri və körpə bacısı həlak olmuşdular. Amma mən bilirdim.
Xədicənin fotosunu çəkdim. Bu, mənim üçün, müharibəni işıqlandıran jurnalist üçün bir foto idi, amma Xədicə və onun xalası üçün insanlığa qarşı cinayətin sənədli sübutu idi. Yəqin ki, hər kəs üçün.
Xəstəxananı tərk edib, fotonu və yazdığım mətni "Al Jazeera"ya göndərdim. Cəmi bir neçə dəqiqə sonra bütün dünya Xədicənin faciəsindən xəbər tutdu. Onun fotosu beynəlxalq medianın əsas xəbəri oldu. Sosial şəbəkələrdə paylaşıldı.
Dünya bildi, amma bir nəfər yox - Xədicənin xalası. Mən o xəbəri ona deyə bilmədim. Bəlkə qorxdum, bəlkə cəsarətim çatmadı, bəlkə də bu acını bölüşmək üçün doğru adam deyildim.
Sonra dağılmış bina və evlərin yanına qayıtdım və çəkilişlərə davam etdim...
Seymur Kazımov