Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Novaya qazeta” fəaliyyətini dayandırdı - Rusiyada azad sözə yer yoxdur

Rusiyanın məşhur müxalif nəşri “Novaya qazeta” martın 28-dən fəaliyyətini tam dayandırıb.

Redaksiyanın bəyanatında bu qərar Ukraynada hərbi əməliyyat başlanandan Rusiyanın dövlət orqanlarının qəzetə basqılarının güclənməsi ilə əsaslandırılıb.

Qeyd edilib ki, əməliyyat başa çatanadək “Novaya qazeta” çap olunmayacaq, qəzetin onlayn versiyası da fəaliyyət göstərməyəcək.

2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 21-də bu ölkəyə qarşı yeni təcavüzə başlayıb, fevralın 24-dən isə orada total hərbi əməliyyat aparır.

Əməliyyat başlanandan Rusiyada informasiya texnologiyaları və kütləvi kommunikasiyalara nəzarəti həyata keçirən federal xidmət – “Roskomnadzor” media üzərində dövlət nəzarətini gücləndirib, yerli və xarici jurnalistlərin, redaksiyaların fəaliyyətinə çoxsaylı məhdudiyyətlər tətbiq edib. Bir sıra kütləvi informasiya vasitəsinin yayımı ya birbaşa hökumətin qərarı ilə, ya da məhdudiyyətlərin doğurduğu çətinliklər ucbatından dayanıb.

1993-cü ildən çıxan “Novaya qazeta” demokratik dəyərlərə bağlılığı, jurnalist araşdırmaları ilə tanınır.

İndiyədək bir neçə əməkdaşı qətlə yetirilmiş qəzetə Dmitri Muratov baş redaktorluq edir.

1961-ci il təvəllüdlü Dmitri Muratov “Novaya qazeta”nın yaradıcılarından biridir. O, 1995-2017-ci illərdə baş redaktor postunu tutub, 2019-cu ildə baş redaktor postuna qayıdıb.

Dmitri Muratov 2021-ci ildə Nobel sülh mükafatına layiq görülüb. Norveç Nobel Komitəsi Dmitri Muratovun Nobel mükafatına demokratiya və davamlı sülhün bünövrəsi olan ifadə azadlığı uğrunda fəaliyyətlərinə görə layiq bilindiyini açıqlayıb.