Nərgiz Məhəmmədi Tehranda xəstəxanaya köçürülüb
12 May 2026
İranda həbsdə olan Nobel mükafatı laureatı Nərgiz Məhəmmədi Tehranda xəstəxanaya köçürülüb. Onun fondu mayın 10-da bildirib ki, sərt həbsxana şəraitinə görə o, "ölüm həddinə yaxın" vəziyyətdədir.
Fondun məlumatına əsasən, böyük məbləğdə girov qarşılığında Məhəmmədinin cəzasının icrası müvəqqəti dayandırılıb.
54 yaşlı Məhəmmədi əvvəllər həbsdə saxlanıldığı Zəncan şəhərindəki xəstəxanada müalicə alırdı. Onun vəkili Mustafa Nili bildirib ki, hazırda Tehrandakı "Pars" xəstəxanasında olan aktivist şəxsi həkim heyətinin nəzarəti altında müalicəsini davam etdirir.
Məhəmmədinin Parisdəki əri Tağı Rəhmani onun vəziyyətini kritik olaraq qiymətləndirib. Onun sözlərinə görə, hazırda Məhəmmədinin təzyiqi kəskin düşüb və o, danışmaqda çətinlik çəkir.
Mayın 2-də qardaşı Həmidrza Məhəmmədi AzadlıqRadiosunun fars xidmətinə açıqlamasında bildirib ki, o, "ölüm həddindədir": "O ölür. Həbsxanadakı sərt şərait və ona vurulan zərər onu ölüm həddinə çatdırıb. Nərgizin və bütün məhbusların həyatı ilə bağlı məsuliyyət birbaşa məhkəmə hakimiyyətinin və təhlükəsizlik aparatının üzərinə düşür".
Hüquq müdafiəçisi N.Məhəmmədi İranda qadın hüquqları uğrunda mübarizəsinə görə 2024-cü il Nobel Sülh Mükafatına layiq görülüb. O, fəaliyyətinə görə son 10 ilin böyük hissəsini həbsdə keçirib və 2025-ci ilin dekabrında Məşhəddə bir anım mərasimində yenidən saxlanılıb. Həbsindən sonra ona əlavə 7 il yarım həbs cəzası kəsilib.