Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ned Prays: “Putin Ukraynada müharibəni qızışdırmağa davam edir”

Bazar ertəsi ABŞ Dövlət Departamenti Rusiyanı Ukraynada müharibəni qızışdırmaqda və münaqişəni dayandırmaq əvəzinə danışıqları uzatmaqda ittiham edib, Turan-ın Vaşinqtondakı müxbiri bildirib.

Dövlət Departamentinin nümayəndəsi Ned Prays brifinqdə bildirib ki, Kreml Ukraynada müharibəyə son qoyulması ilə bağlı əks addımlar atır.

“Əgər Rusiya danışıqlara hazırdırsa, infrastrukturu raketlərlə bombalamağı dayandırmalı, Ukraynanın mülki əhalisinə qarşı hücumları və qətliamları dayandırmalıdır”, - o deyib.

Turan-ın “Vaşinqton Putinlə danışıqlar  üçün Ukraynaya təzyiq edibmi?” sualına Prays cavab verib ki, müharibəni dayandırmaq üçün Ukraynaya heç bir təzyiq lazım deyil.

“Ukrayna xalqından daha çox əziyyət çəkən olmayıb. Bu müharibənin bitməsini Ukrayna xalqından və Ukrayna hökumətindən çox heç kim istəmir. Tamamilə fərqli siqnal göndərən ruslardır”, - o əlavə edib.

Prays rusiyalı oliqarx Yevgeni Priqojinin Rusiyanın ABŞ-da seçkilərə müdaxiləsini etiraf etməsinə də münasibət bildirib.

“O, bizə bilmədiyimiz heç nə demədi. Onun etirafı prezident Putinin dövründə Kremldə dələduzların cəzasız qaldığından xəbər verir”, - o deyib.