Naxçıvanda rəsmi işsizlərin sayı bir ilə 50 faiz çoxalıb
12 May 2026
Naxçıvan Muxtar Respublikasında (MR) son bir il ərzində rəsmi işsiz kimi qeydiyyatda olanların sayı təxminən 50 faiz yüksəlib.
MR Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin sonunda muxtar respublikada rəsmi işsiz statusunda qeydiyyata alınan şəxslərin sayı 14 min 504 nəfərə çatıb. Bir il öncə, 2024-cü ildə bu rəqəm 9 min 677 nəfər idi. Hazırda Naxçıvan MR-da məşğul əhalinin sayı 261 min nəfər olaraq açıqlanıb.
Müqayisə üçün: 2022-ci ildə muxtar respublikada cəmi 190 nəfər işsiz kimi qeydiyyata düşmüşdü. Daha dörd il əvvəl isə rəsmi olaraq heç bir işsiz qeydiyyatda deyildi.
Müstəqil iqtisadçılar uzun müddətdir ki, Naxçıvanda işsizliyin olmadığına dair rəsmi statistik məlumatlara şübhə ilə yanaşırdılar. Onların fikrincə, son illər muxtar respublikanın idarəçiliyində baş verən nisbi yumşalma nəticəsində həqiqətlər az da olsa, üzə çıxmağa başlayıb.
Azərbaycanda rəsmi işsizlik statistikası
Bu il aprelin 1-nə olan məlumata görə, bütün Azərbaycan üzrə işsiz kimi qeydiyyatda olanların sayı 246.9 min nəfərdir. Son bir ildə bu rəqəm 15 mindən bir qədər çox artıb.
Müstəqil iqtisadçılar isə hesab edirlər ki, Azərbaycanda real işsizlik rəsmi statistikada əks olunandan xeyli yüksəkdir. Onların sözlərinə görə, ölkədə işsiz kimi qeydiyyata düşmək iş tapmaqdan da çətindir.
Xatırlatma
1995-ci ilin dekabrından Naxçıvan MR Ali Məclisinə sədrlik edən Vasif Talıbov dörd il öncə, 2022-ci ildə istefaya göndərilib. Bu, muxtar respublikada ciddi dəyişikliklərə yol açıb. Həmin il dekabrın 22-də prezident İlham Əliyev Naxçıvana öz səlahiyyətli nümayəndəsini təyin edib. Daha sonra muxtar respublikada bir çox vəzifəli şəxs mənimsəmə və digər ittihamlarla istintaqa cəlb edilib.
Naxçıvan MR 1924-cü ildə yaradılıb. Onun Azərbaycanın digər əraziləri ilə quru sərhədi yoxdur. Naxçıvan Türkiyə, Ermənistan və İranla həmsərhəddir.