“İqtisadiyyat vasitəsilə sülh”, yaxud “sülhdən sonra iqtisadi inteqrasiya?
Deputat: Prosesi irəli aparmaq üçün konkret problemləri həll etmək lazımdır
29 Oktyabr 2026
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, TRIPP layihəsi Azərbaycanla sülh müqaviləsi imzalanmamışdan əvvəl də işə salına bilər.
O, bu barədə parlamentin iclasında Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə strateji əməkdaşlığa dair Çərçivə Sazişinin ratifikasiyası haqqında layihənin müzakirəsi zamanı danışıb. Mirzoyan xatırladıb ki, sülh sazişi artıq paraflanıb və nə Bakı, nə də İrəvan onun məzmununu şübhə altına alır.
Mirzoyanın sözlərinə görə, məntiqlə əvvəlcə sülh müqaviləsi imzalanmalı idi, lakin “həyatın öz qaydaları var”. Bununla yanaşı, “Tramp marşrutu”nun həyata keçirilməsi özü də sülhün möhkəmlənməsinə töhfə verə bilər.
Nazir bildirib ki, Ermənistanın, Azərbaycanın və digər ölkələrin iqtisadi maraqları iki dövlət arasında sülhün möhkəmlənməsinin real təminatına çevrilə bilər.
O, müxalifət fraksiyalarının tənqidlərinə də cavab verərək layihənin həm iqtisadi, həm də geosiyasi əhəmiyyət daşıdığını vurğulayıb.
Nazirin sözlərinə görə, layihə Ermənistan üçün bir sıra üstünlüklər vəd edir. Bunlara “Şimal–Cənub” istiqamətində dəmir yolu əlaqəsinin yaradılması, Azərbaycanla ticarət imkanlarının genişlənməsi və bu ölkənin ərazisi vasitəsilə üçüncü ölkələrin bazarlarına çıxış daxildir.
Mirzoyan Ermənistanla Çin arasında yükdaşımalar üçün daha birbaşa marşrutun yaradılması imkanını buna misal göstərib. XİN rəhbəri, həmçinin TRIPP çərçivəsində əsas investisiya yükünü amerikalı tərəfdaşların üzərinə götürəcəyini bildirib.
Sülhün təminatları ilə bağlı sualları cavablandıran Mirzoyan vurğulayıb ki, imzalanmış sənədlər heç də həmişə müharibələrin qarşısını ala bilməyib. Onun fikrincə, elə bir şərait yaradılmalıdır ki, həm Ermənistan və Azərbaycan, həm də digər ölkələr nəqliyyat kommunikasiyalarının fasiləsiz fəaliyyətində maraqlı olsunlar.
“Zəmanət istəyirsiniz? Əsl zəmanət maraqdır. Biz maraqlı olmalıyıq, Azərbaycan da maraqlı olmalıdır”, – nazir bildirib. O əlavə edib ki, bu maraq Şərq–Qərb nəqliyyat dəhlizindən istifadə edən digər ölkələrə də şamil olunmalıdır.
“TRIPP layihəsinin həyata keçirilməsinin Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasından asılı olmaması çox yaxşıdır”, – parlamentin sədri Ruben Rubinyan iclasda bildirib.
Parlament sədri bu fikirləri müxalif “Güclü Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri Narek Karapetyana cavab olaraq səsləndirib.
“Müxalifətdəki həmkarlarımız hesab edirlər ki, TRIPP layihəsi Ermənistan üçün sərfəli deyil. Əgər siz Azərbaycanla sülh müqaviləsinin imzalanmasına nail olmaq məqsədilə bu layihəni həyata keçirməməli olduğumuzu deyirsinizsə, deməli, TRIPP-i Ermənistan üçün pis layihə hesab edirsiniz. Halbuki TRIPP ölkəmiz üçün heç də pis layihə deyil. Üstəlik, onun həyata keçirilməsinin sülh müqaviləsinin imzalanmasından asılı olmaması çox yaxşıdır.
Eyni zamanda, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesinin də sülh müqaviləsinin imzalanmasından və ratifikasiyasından asılı olmaması müsbət haldır. Bunun sadə izahı var: hazırda sülh müqaviləsinin imzalanması ilə bağlı problem mövcuddur. Azərbaycan sazişi imzalamaqdan imtina etməsinə əsas verən tələb irəli sürür”, – Rubinyan bildirib.
Onun fikrincə, TRIPP layihəsi sayəsində Ermənistan və Azərbaycan qarşılıqlılıq prinsipi əsasında sonda regionun nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasına nail olacaqlar.
“TRIPP layihəsinin əsas benefisiarları Azərbaycan və Türkiyədir”, – bunu isə Ermənistanın ikinci prezidentinin oğlu, müxalif “Ermənistan” blokundan olan deputat Levon Köçəryan bildirib.
Onun sözlərinə görə, Bakının bu layihəyə marağı Ankaranın marağından daha böyükdür.
“Bu yolun kimə daha çox lazım olduğunu anlamaq üçün xəritəyə baxmaq kifayətdir. Burada yeni bir şey uydurmuruq, yeni fikirlər də səsləndirmirik. Bunun Azərbaycan üçün nə dərəcədə vacib olduğunu anlamağınız üçün deyim ki, vaxtilə onlar bu yolun müqabilində Dağlıq Qarabağı Ermənistanın tərkibində tanımağa belə hazır idilər. Diqqət edin, söhbət sadəcə müstəqilliyi tanımaqdan yox, Dağlıq Qarabağı Ermənistanın tərkibinə daxil etməkdən gedirdi. Bununla bağlı danışıqlar aparılıb, hətta müvafiq sənəd də imzalanıb”, – Köçəryan deyib.
Müxalif “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri Anna Qriqoryan sazişlə bağlı fraksiyanın narahatlıqlarını açıqlayaraq Ermənistan üçün gözlənilən iqtisadi faydalara, nəqliyyat kommunikasiyalarının açılmasına və qarşılıqlılıq prinsipinin tətbiqinə toxunub.
Deputatın fikrincə, saziş formal olaraq ikitərəfli olsa da, onun məzmununda Azərbaycan tərəfinin maraqları da əksini tapıb.
“Kağız üzərində bu, ikitərəfli sazişdir. Yəni tərəflər Ermənistan Respublikası və Amerika Birləşmiş Ştatlarıdır. Lakin mahiyyətinə və məzmununa görə sənəddə üçüncü tərəf – Azərbaycan da yer alır. Üstəlik, Azərbaycanın maraqları bu sənəddə Ermənistan Respublikasının maraqlarından daha üstün şəkildə əks olunub”, – Qriqoryan bildirib.
O, həmçinin qeyd edib ki, bu layihə sayəsində ABŞ İranla sərhəddə regionda mövcudluq əldə edəcək, Azərbaycan isə öz əsas ərazisi ilə Naxçıvan arasında əlaqə yaradacaq. Müxalif deputat belə bir şəraitdə Ermənistanın hansı imkanlar və faydalar əldə edəcəyini soruşub.
Qriqoryan sərhəd və gömrük prosedurlarının təşkili ilə bağlı məsələləri də qaldırıb. O, xüsusilə Ermənistan və Azərbaycan ərazilərindən keçən insanların və yüklərin hərəkəti üçün eyni şərtlərin tətbiq olunub-olunmayacağı ilə maraqlanıb.
Bundan əlavə, parlament fraksiyasının rəhbəri yuxarıda adıçəkilən layihənin həyata keçirilməsindən Ermənistanın əldə edəcəyi gəlirlərlə bağlı dəqiq hesablamaların təqdim olunmasının vacibliyini vurğulayıb.
“Biz TRIPP-i Azərbaycana təqdim etməyə hazırlaşırıq. Layihə tezliklə işə salınacaq. Lakin Azərbaycan Ermənistanla sülh müqaviləsini imzalamağa hazır olduğunu hələ də təsdiqləməyib”, – müxalif “Güclü Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri Narek Karapetyan bildirib.
“Azərbaycan getdikcə yeni şərtlər irəli sürəcək. Onun əsas məqsədi çoxdan arzuladığı yolu əldə etmək, eyni zamanda kommunikasiyaları açmamaq və bununla da Ermənistan Respublikasının iqtisadi inkişafını məhdudlaşdırmaqdır”, – Karapetyan qeyd edib.
Onun sözlərinə görə, Bakı rəsmi İrəvanın güzəştləri hesabına nəyəsə nail olmağın mümkün olduğunu gördükcə, sülh müqaviləsinin imzalanmasını daim uzadacaq.
“TRIPP layihəsinin işə salınması, amma Azərbaycanla sülh müqaviləsinin imzalanmaması mümkündürmü?” – Narek Karapetyan Ararat Mirzoyandan soruşub.
XİN rəhbəri bu suala müsbət cavab verib. Onun sözlərinə görə, sülh müqaviləsi artıq paraflanıb. Ermənistan və Azərbaycan isə bu sənədin məzmununu şübhə altına almadıqlarını açıq şəkildə bəyan ediblər.
“Hazırda Azərbaycan müqaviləni başqa səbəbdən imzalamayacağını bildirir”, – Mirzoyan qeyd edib.
Karapetyan isə öz növbəsində Azərbaycanın əlavə, reallıqdan uzaq şərtlər irəli sürməkdə davam edəcəyini bildirib.
“Nəticədə ölkəmiz uduzmuş vəziyyətdə qalacaq. Çünki Azərbaycan yolu əldə edəcək, biz isə kommunikasiyaların açılmasından öz payımızı ala bilməyəcəyik”, – parlament fraksiyasının rəhbəri vurğulayıb.
Əgər TRIPP layihəsinin həyata keçirilməsi və kommunikasiyaların açılması sülh müqaviləsinin imzalanmasından asılı deyilsə, bu halda Ermənistan Azərbaycanı sülhü hüquqi baxımdan rəsmiləşdirməyə məcbur etmək üçün əsas iqtisadi rıçağını itirmiş olmurmu?
Hakimiyyət iqtisadi inteqrasiyanın öz-özlüyündə sülh üçün şərait yaradacağı məntiqindən çıxış edir. Müxalifət isə sülh sazişinin ilk növbədə imzalanmasının zəruriliyini vurğulayır. Bu iki modeldən hansı – “iqtisadiyyat vasitəsilə sülh”, yoxsa “sülhdən sonra iqtisadi inteqrasiya” Ermənistan üçün daha az strateji risk daşıyır?
Azərbaycanın artıq paraflanmış sazişi yeni bəhanələrlə imzalamaqdan imtina etdiyinə dair bəyanat İrəvanın güzəştlərinin Bakını prosesi uzatmağa daha da həvəsləndirdiyi barədə müxalifətin irəli sürdüyü tezislə nə dərəcədə uzlaşır?
Layihə formal olaraq Ermənistanla ABŞ arasında ikitərəfli razılaşmadır, lakin ABŞ-ın İranla sərhəd yaxınlığında mövcudluğunu təmin edir, Azərbaycana isə Naxçıvanla əlaqə yaradır. Bu dəhlizdə ABŞ-ın mövcudluğunun yaranması regionda güc balansına və İrəvanın Tehranla münasibətlərinə necə təsir göstərəcək?
Ermənistan hökumətinin “Şimal–Cənub” oxunun inkişafı və Çinə birbaşa tranzit marşrutunun yaradılması ilə bağlı hesablamaları nə dərəcədə əsaslıdır? Halbuki müxalifət Azərbaycanın ehtiyac duyduğu yolu əldə edəcəyi, lakin öz kommunikasiyalarını Ermənistan yüklərinin daşınması üçün açmayacağı riskinə diqqət çəkir.
Marşrutun fəaliyyəti Ermənistanın dövlət suverenliyini pozmamaq və qarşılıqlılıq prinsipinə tam uyğun olmaq şərtilə təmin edilməsi üçün hansı sərhəd, gömrük və hüquqi mexanizmlər lazımdır?
Ararat Mirzoyan vurğulayır ki, imzalanmış sənədlər heç də həmişə müharibənin qarşısını almır, real təminat isə tərəflərin və xarici oyunçuların qarşılıqlı marağından irəli gəlir. İmzalanmış sülh müqaviləsinin olmadığı şəraitdə hərbi eskalasiyanın qarşısını almaq üçün iqtisadi maraqların mövcudluğu kifayət edirmi?
Pressklub.az-ln bu suallarını cavablandıran Milli Məclisin deputatı, tanınmış politoloq Rasim Musabəyovun sözlərinə görə, müxalifət elə müxalifət olduğu üçün hakimiyyəti tənqid etməli, müəyyən narahatlıqları dilə gətirməli, layihənin faydalarını kiçiltməli, risklərini isə şişirtməlidir. Bu, başqa cür davrana bilməyən müxalifət üçün adi taktikadır.

“Bununla belə, qətiyyən şübhəm yoxdur ki, bu müxalifət sabah indiki komandanın əvəzinə hakimiyyətə gəlsə, TRIPP layihəsini eynilə həyata keçirəcək və bundan yayına bilməyəcək. Çünki bu layihə təkcə Azərbaycana deyil, ən azı onun qədər Ermənistana da lazımdır.
Hələlik sülh müqaviləsi yoxdur, amma paraflanmış sazişdən dividendləri məhz Ermənistan əldə edir. Ölkə Azərbaycan üzərindən kifayət qədər böyük həcmdə tranzit imkanları qazanır. Ermənistan hazırda həm Rusiyada qıtlığı hiss olunan, həm də bu ölkəyə çatdırılması çətinləşən neft məhsulları alır. TRIPP layihəsi həyata keçirilərsə, Ermənistan Naxçıvan üzərindən İrana dəmir yolu çıxışı əldə edəcək.
Ermənistan İranın Fars körfəzindəki limanlarına çıxış qazanacaq, həmçinin Azərbaycan üzərindən Rusiyaya, Mərkəzi Asiyaya və Çinə tranzit imkanları əldə edəcək. Azərbaycan üçün isə bu layihə Naxçıvanla əlaqənin təmin olunması məsələsidir. Üstəlik, hazırda biz bu əlaqəni İran üzərindən də təmin edirik. TRIPP layihəsi ilə paralel olaraq Araz çayının İran sahili boyunca Araz dəhlizi də fəaliyyət göstərəcək. Beləliklə, istənilən halda Azərbaycanın Naxçıvanla əlaqəsi olacaq.
Əgər kimsə TRIPP layihəsinin həyata keçirilməsi müqabilində Azərbaycandan əlavə nələrsə əldə etmək üçün onunla bazarlıq etməyə çalışırsa, yanılır. Ermənistanla Azərbaycan arasında nəqliyyat əlaqələrinin yaranması və nəqliyyat-ticarət əməkdaşlığında maraqlı olan qrupların formalaşması, şübhəsiz ki, iki ölkə arasında sülh münasibətlərini möhkəmləndirəcək. Bu əməkdaşlıqda birbaşa maraqlı olan əhali qrupları meydana çıxacaq”, – analitik əmindir.
Sülh müqaviləsinə gəlincə, o xatırladıb ki, Azərbaycan Ermənistan Konstitusiyasında müstəqillik haqqında bəyannaməyə istinadın saxlanılmasının aradan qaldırılması tələbini dəfələrlə səsləndirib. Həmin bəyannamədə Dağlıq Qarabağla Ermənistanın birləşdirilməsi elan olunur.
“Bu, ilk növbədə, həmin bəyannamənin mövcudluğunun revanşist əhval-ruhiyyəni qidalandırmaması və sülhün daha möhkəm olması üçün zəruridir. Ermənistan da Azərbaycan qədər davamlı sülhdə maraqlıdır və bundan bütövlükdə region qazanacaq.
“İqtisadiyyat vasitəsilə sülh” və ya “sülhdən sonra iqtisadi inteqrasiya” kimi formullar sadəcə nəzəri mülahizələrdir. Konkret problemləri həll etmək lazımdır. Bu problemlər aradan qaldırılmadan normallaşma prosesini irəli aparmaq çətindir. İlk növbədə, nəqliyyat əlaqələri bərpa edilməli, sərhədin delimitasiyası və sonrakı demarkasiyası istiqamətində irəliləyiş əldə olunmalıdır.
Bura həmçinin hərbi təlimlər barədə qarşılıqlı məlumatlandırma yolu ilə etimad tədbirlərinin gücləndirilməsi, silahlı qüvvələrin və sərhəd məntəqələrinin elə yerləşdirilməsi daxildir ki, qarşı tərəf bunu təhdid kimi qəbul etməsin. Eləcə də təmas xəttində və ya sərhəddə pozuntu baş verdikdə, ilkin razılaşmalara uyğun olaraq məsələlərin birbaşa əlaqə vasitəsilə həlli vacibdir.
Proses addım-addım davam edəcək və düşünürəm ki, yaxın vaxtlarda vətəndaş cəmiyyəti xətti ilə dialoq da bərpa olunacaq. Ümumilikdə, sülhün qurulması üçün bütün istiqamətlərdən – iqtisadiyyatdan, siyasi dialoqdan və nəqliyyat əlaqələrindən istifadə edilməlidir. Bunlara ayrı-ayrılıqda baxmaq və mütləq bir-birinin ardınca həyata keçirilməli olan mərhələlər kimi yanaşmaq lazım deyil”, – Musabəyov hesab edir.
Rauf Orucov