Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pentaqon Ukraynada "Starshield"in işindəki fasilələri araşdırmaqdan imtina edib

Pentaqonun baş müfəttişi bir qrup Amerika senatorunun müraciəti əsasında Ukraynada "Starlink" peyk rabitə sistemlərinin və onun hərbi versiyası olan "Starshield"in işindəki fasilələrlə əlaqədar təhqiqat aparmaqdan imtina edib.

Bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.

Müharibə Nazirliyinin baş müfəttişinin agentliyin əlinə keçmiş cavabında qeyd olunub ki, senatorların verdiyi suallara ən yaxşı cavabı ABŞ Hərbi Hava Qüvvələri verə bilər.

"Qanunvericilər bu cür reaksiyanı "SpaceX" şirkətinin rəhbəri İlon Maska qarşı təhqiqat aparmaqdan imtina kimi qiymətləndiriblər", - AP qeyd edib.

Daha əvvəl senator Cinn Şahin (demokrat, Nyu-Hempşir ştatından) bildirmişdi ki, konqresin yuxarı palatasının hər iki partiyadan olan doqquz üzvündən ibarət qrup Pentaqonun baş müfəttiş aparatına məktub göndərərək orada "Starshield" sisteminin işindəki fasilələri araşdırmağa çağırıblar. Senatorların fikrincə, Pentaqonun baş müfəttişi ABŞ-nin hər hansı vəzifəli şəxslərinin işdəki bu fasilələri təsdiqləyib-təsdiqləmədiyini və ya bu barədə əvvəlcədən bilib-bilmədiyini aydınlaşdırmalıdır.

Oktyabrın 14-ü səhər saatlarında Ukraynanın müdafiə nazirinin sabiq məsləhətçisi Sergey Sternenko "Telegram"da bildirib ki, "SpaceX" terminalların iş sürətini saatda 60-70 km-ə qədər məhdudlaşdırıb. İlon Mask, sürət və sistemdən istifadə ilə bağlı qərarların ABŞ hökuməti tərəfindən qəbul olunduğunu iddia edərək məhdudiyyətlərə görə məsuliyyətini inkar edib. Daha sonra "The Wall Street Journal" (WSJ) qəzeti yazıb ki, Mask şəxsən Ukraynada "Starshield"in işini məhdudlaşdırmağı əmr edib.