Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müsavat Partiyası Nəsiman Yaqublunun ölümünü müəmmalı hesab edir

Müsavat Partiyası bu təşkilatdan deputatlığa namizəd Nəsiman Yaqublunun ölümünü müəmmalı hesab edir.

Bu sözləri Turan-a partiyanın başqan müavini Mustafa Hacıbəyli deyib.

"Bu, müəmmalı bir ölümdür. Çünki dümdüz yolda qəza niyə olmalıdır? Nəsiman bəy də gənclikdən maşın sürən bir adam olub. İkinci məsələ ondan ibarətdir ki, qəzaya düşəndən sonra o, xəstəxanaya çox gec çatdırılıb", deyə M.Hacıbəyli qeyd edib.

Onun sözlərinə görə, hadisə N.Yaqublu Zəngilan rayonunda seçicilərlə görüşdən qayıdanda baş verib: "Qəza Cəbrayıl rayonu ərazisində baş verib. Orada xəstəxana olmadığı üçün onu gətiriblər Füzuliyə. Hadisə yerindən xəstəxanaya qədər yarım saatlıq yoldur. Amma Nəsiman bəy xəstəxanaya təxminən 1 saat 20 dəqiqədən sonra çatdırılıb. Ona görə də ölüm səbəblərin araşdırılması çox vacibdir".

M.Hacıbəyli bildirib ki, Nəsiman Yaqublu deputatlığa namizəd idi: "Heç şübhəsizdir ki, ona çox sayda səs veriləcəkdi. Nəsiman Yaqublunun ölümündə maraqlı şəxslər var".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.