Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müharibənin ikinci günü: ən ağır vəziyyət şimal istiqamətində yaranıb

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləsinin ikinci günündə ən ağır vəziyyət cəbhənin şimal (Belarus) istiqamətində yaranıb. Ukrayna prezidentinin Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç keçirdiyi növbəti brifinqdə deyib ki, Kiyev vilayətinin  Hostomel, Vorzel, Buça yaşayış məntəqələri yaxınlığında, Dımer-İvankov istiqamətində şiddətli döyüşlər gedir, bu istiqamətdən paytaxta təhlükə yaranıb.

“Rusiya qoşunları hücum etməyə çalışır, amma orada bizim mexanikləşdirilmiş hissələrimiz yaxşı müdafiə qurublar. Düşmənin bir neçə vertolyotu və ən azından bir zirehli texnika kalonu məhv edilib”, - Arestoviç deyib.



Onun sözlərinə görə, Çerniqov istiqamətində Ukrayna qüvvələri Rusiya ordusunun hücumunu dayandırıb, amma hazırda onlar qüvvələrini yenidən cəmləşdirir. “Sum vilayətində də düşmən yenidən qruplaşır və sonrakı hücuma hazırlaşır, amma orada da bizim qüvvələrimiz müdafiədə dayanıblar. Bu istiqamətdən narahatlığımız daha azdır”, - Arestoviç qeyd edib.

Xarkov istiqamətində isə Ukrayna qüvvələri səhər saatlarından bir hücum cəhdinin qarşısını alıblar. Donbasda isə düşmən hücum etmir, orada qarşılıqlı artilleriya dueli gedir.

“Melitopolda situasiya gərgindir, şəhərin ətraflarında Krım istiqamətindən soxulmuş Rusiya qoşunları var. Lakin şəhərin bir hissəsi Ukrayna qüvvələrinin əlindədir, onlar düşmənə Melitopoldan o yana irəliləməyə imkan vermirlər”,-Arestoviç bildirib.



Herson istiqamətində isə Rusiya qoşunları Dnepr çayını keçməyə çalışır, çünki Antonov körpüsü artıq dağıdılıb. Ukrayna ordusu həmin istiqamətdə müdafiə mövqeləri qurub.

Telegram-kanallarda yayılan məlumatlarda isə deyilir ki, Ukrayna ordusu Krım istiqamətindən irəliləyən Rusiya hərbi texnika kalonunu məhv edib. Bu barədə görüntülər də yayılıb.