Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müharibə Araşdırmaları İnstitutu: Səfərbərlik Rusiyanın ciddi problemləri olacağını göstərir

“Rusiya Prezidenti Vladimir Putinin ölkədə dünən, sentyabrın 21-də qismən səfərbərlik elan etməsi Kremlin Ukraynada üzləşdiyi problemlərin təzahürüdür. Bu, göstərir ki, Moskva yaxın aylarda bu problemləri həll edə bilməyəcək”.

Bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutundan bildirilib.

Məlumatda, həmçinin Kreml rəhbərinin dünənki çıxışındakı digər məqamlar da təhlil edilib:

“Vladimir Putin eyni zamanda, nüvə müharibəsi və ilhaq referendumları barədə danışıb. O, nitqi zamanı bu mövzuları bir-biri ilə əlaqələndirməmək üçün çalışdı. Halbuki bu məsələlər bir-biri ilə bağlıdır. Putin Rusiyanın nüvə silahından istifadəsini Qərbin təhdidləri konteksindən şərh edib. Bu fikirlər Kremlin əvvəlki açıqlamalarından fərqlənmir. Kremlin rəsmi mövqeyi bundan ibarətdir ki, guya NATO Ukraynanı müharibəyə sövq edir”.

İnstitut analitikləri bildirib ki, Rusiya Silahlı Qüvvələri Baxmutda infrastruktur obyektlərinə hava zərbələri endirir:

“Bu, Ukrayna qüvvələrinin şəhərdəki mövqelərinin hələ də möhkəm olduğunu göstərir. Rusiya qüvvələri Zaporojye vilayətinin qərbində heç bir quru hücumu həyata keçirməyib. Ukrayna mənbələrinin məlumatına görə Rusiya qüvvələri Zaporejye şəhərindəki infrastuktur obyektləri atəşə tutublar. Hər iki tərəfin məlumatına görə, dünən Qara dənizdə, Krım yarımadasında partlayışlar baş verib”.

Böyük Britaniya Müdafiə Nazirliyi isə kəşfiyyat məlumatlarına əsasən qeyd edir ki. Rusiya ehtiyatda olan 300 min hərbçini orduya cəlb etməklə yeni birləşmələr yaratmağa çalışacaq, amma bunun uzun müddət effektiv olacağı mümkün deyil.

"Çox güman ki, Rusiya əhalisinin bir hissəsi Vladimir Putinin qismən səfərbərliklə bağlı qərarını bəyənmir. Kreml rəhbəri döyüş gücünü bərpa etmək naminə siyasi riski qəbul edir. Bu addım faktiki olaraq Rusiyanın Ukraynada döyüşmək istəyən könüllü ehtiyatının tükəndiyini etiraf etmək deməkdir", - məlumatda qeyd olunub.

Xatırladaq ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib.