Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müddətsizlik yolu - Özbəkistan nəyə hazırlaşır?

Özbəkistan konstitusiyada dəyişikliklər referendumuna hazırlaşır. Ana qanunda yenilik təkliflərindən biri prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılmasıdır.

Özbəkistanda prezident idarə üsulu 1990-cı ildən tətbiq olunur. 32 ildə prezident postunu iki şəxs tutub.

1989-cu ildə Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi – respublika rəhbəri seçilən İslam Kərimov 1990-cı ildə parlamentin qərarı ilə prezident vəzifəsinə gətirilib.

Özbəkistanın müstəqillik əldə etdiyi 1991-ci ildə İslam Kərimov ümumxalq seçkisində bir daha prezident vəzifəsinə mandat alıb.

1995-ci ildə keçirilən referendumda İslam Kərimovun səlahiyyət müddəti 2000-ci ilədək uzadılıb. O, 2000, 2007, 2015-ci illərin seçkilərində də kürsüsünü əlində saxlayıb.

İslam Kərimov 2016-cı il sentyabrın 2-də vəfat edib.

Hazırda prezident postunu Şövkət Mirziyayev tutur.

1957-ci il təvəllüdlü Şövkət Mirziyayev 2003-cı il dekabrın 12-dən baş nazir olub, 2016-cı il sentyabrın 8-dən prezident səlahiyyətlərini icra edib, dekabrın 4-də prezident seçilib.

Şövkət Mirziyayev 2021-ci ildə erkən səsverməsi 14-20 oktyabr arası, əsas səsverməsi oktyabrın 24-də keçirilmiş prezident seçkisində də qalib gəlib.

Ana qanuna görə, heç kəs ardıcıl olaraq iki müddətdən artıq prezident seçilə bilməz. Ancaq bir çox ekspert hesab edir ki, ölkə konstitusiyasına indi təklif olunan dəyişiklik – prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması Şövkət Mirziyayevin dövlət başçısı postuna yeni namizədliyinə yol açacaq.

Keçmiş SSRİ məkanında belə nümunələr var.

1989-cu ildə Nursultan Nazarbayev Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi – respublika rəhbəri seçilib. 1990-cı ildən eyni zamanda Qazaxıstan Ali Sovetinin sədri postunu tutub.

1990-cı ildə parlamentdə prezident seçilib.

1991-ci ildə Qazaxıstan dövlət müstəqilliyini elan edib.

Nursultan Nazarbayev 1991, 1999, 2005, 2011, 2015-ci illərin ümumxalq səsvermələrində prezident kürsüsünü qoruyub.

2019-cu il martın 20-də dövlət başçısı postundan öz istəyi ilə ayrılan Nursultan Nazarbayev 2022-ci il yanvarın 5-dək bəzi səlahiyyətləri əlində saxlayıb.

İmaməli Rəhman 1992-ci ildə Tacikistan parlamentinin sədri postuna gətirilib, həmin gündən dövlət başçısıdır. 1994-cü ildə 5 il müddətinə, 1999, 2006, 2013 və 2020-ci illərdə 7 il müddətinə prezident seçilib.

Aleksandr Lukaşenko 1994-cü ildən Belarus prezidentidir. İlk dəfə 5 il müddətinə seçilən Aleksandr Lukaşenko 1996-cı il referendumu ilə səlahiyyət müddətini 2001-ci ilədək uzadıb. 2001-ci ildə o, ikinci dəfə prezident kürsüsünə yiyələnib. 2004-cü il referendumunda bir nəfərin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyət götürülüb və Aleksandr Lukaşenko 2006, 2010, 2015 və 2020-ci illərin seçkilərində də dövlət başçısı postunu əlində saxlayıb.

Vladimir Putin 1999-cu il dekabrın 31-dən Rusiya dövlət başçısı vəzifəsini icra edib, 2000 və 2004-cü illərdə 4 il müddətinə, 2012 və 2018-ci illərdə 6 il müddətinə prezident seçilib.

İlham Əliyev 2003 və 2008-ci illərdə 5 il müddətinə Azərbaycan prezidenti seçilib. 2009-cu il referendumunda bir nəfərin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyət götürülüb və İlham Əliyev 2013-cü ildə də dövlət başçısı postuna mandat alıb.

2016-cı ilin referendumunda prezidentin səlahiyyət müddəti 7 ilə qaldırılıb, 2018-ci ildə İlham Əliyev yenidən prezident seçilib.

Qurbanqulu Berdiməhəmmədov 2007-ci ildən Türkmənistanın dövlət başçısı olub. O, 2007 və 2012-ci ildə 5 il müddətinə, 2017-ci ildə 7 il müddətinə prezident seçilib. 2022-ci il martın 12-də keçirilmiş növbədənkənar prezident seçkisində onun oğlu Sərdar Berdiməhəmmədov dövlət başçısı kürsüsünə yiyələnib. (Novator)