Müdafiə Nazirliyi Ərdoğanın Qarabağla bağlı bəyanatına aydınlıq gətirdi
30 İyul 2024
Qarabağın erməni işğalından azad edilməsi ilə başa çatan 44 günlük müharibədən sonra Türkiyənin bir sıra rəsmi şəxsləri qardaş ölkənin Azərbaycan torpaqlarının azad edilməsi və suverenliyimizin bərpasındakı rolu, hətta hərbçilərin döyüş əməliyyatında iştirakı ilə bağlı müxtəlif bəyanatlar səsləndiriblər. Son zamanlar ən yüksək səviyyədə də bu məsələyə toxunulur.
Azərbaycan Müdafiə Nazirliyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankaranın fələstinlilərə kömək etmək üçün “keçmişdə Liviyada və Qarabağda olduğu kimi, İsrailə də girə bilərik” bəyanatına münasibət bildirib. Açıqlamada qeyd olunur ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı hər hansı bir ölkənin hərbçilərinin döyüş əməliyyatlarında iştirakı barədə bəyanatların heç bir əsası yoxdur.
“Türkiyə və Pakistan Azərbaycana siyasi dəstək veriblər və prezident İlham Əliyev dəfələrlə onlara minnətdarlığını bildirib. Müharibə zamanı təxminən 3 min Azərbaycan hərbçisi şəhid olub, antiterror əməliyyatlarında isə 204 nəfər həlak olub. Döyüşlərdə digər dövlətlərin silahlı qüvvələri iştirak etməyib”, – deyə ölkənin müdafiə qurumu bildirib.