Mottəki: "ABŞ hücuma keçərsə, İran da quru əməliyyatına başlayacaq"
23 İyul 2026
İran İraq, Bəhreyn və Küveytdə quru əməliyyatına başlaya biləcəyi ilə bağlı xəbərdarlıq edib.
“Pars Today” xəbər verir ki, bu barədə İran parlamentinin deputatı, ölkənin sabiq xarici işlər naziri Mənuçöhr Mottəki açıqlama verib.
"ABŞ-nin yerüstü işğalı başlayan kimi, İran da İraq, Bəhreyn və Küveytdə yerləşən ABŞ hərbi bazalarına qarşı quru əməliyyatına başlayacaq", - deyə o bildirib.
Xatırladaq ki, ABŞ-İran qarşıdurmasında növbəti gərginlik iyulun 8-də başlayıb. Vaşinqton və Tehran arasında memorandum imzalandıqdan sonra ABŞ Silahlı Qüvvələri ilk dəfə olaraq Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab verdiyini bildirərək İran ərazisində bir neçə hədəfə zərbələr endirib.
Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin başa çatdığını elan edib. Bundan sonra Tehran cavab tədbirləri çərçivəsində Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Omanda yerləşən ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirməyə başlayıb.