Logo
news content
User
Kateqoriyalar

Xəbər

Molla rejimi İranın futbol yığmasını necə hədələyib?

Qətərdə keçirilən dünya futbol çempionatının B qrupunda yer alan İran milli komandası noyabrın 29-u mərhələnin son turunda ABŞ yığması ilə qarşılaşdı.

Bu görüşdə maraq doğuran məsələlərdən biri də iranlı futbolçuların oyundan əvvəl dövlət himnini oxuyub-oxumayacağı idi.

Noyabrın 21-i ilk turda İngiltərə yığması ilə qarşılaşarkən İran yığmasının üzvləri dövlət himninin musiqisini səssizcə dinləmiş, himinin sözlərini oxumamışdılar.

Media quruluşları, sosial şəbəkə istifadəçiləri bunu futbolçuların İranda keçirilən aksiyalara dəstək verməsi, nümayişləri amansızlıqla yatırtmağa çalışan hökumətə etirazı kimi yozmuşdu.

Amma noyabrın 25-i Uels millisi ilə görüşdə İran yığmasının himni oxuduğu müşahidə olundu.

ABŞ-ın CNN kanalı xəbər verir ki, bunun kökündə İran hakimiyyətinin ciddi təhdidləri durur.

Kanalın özəl mənbələrdən əldə etdiyi bilgiyə görə, İngiltərə yığması ilə görüşdən sonra iranlı futbolçular İran rejiminin əsas dayağı sayılan İnqilab Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələri ilə görüşə çağırılıblar.

Görüşdə futbolçulara deyiblər ki, onlar növbəti oyunlarda himni oxumasalar, yaxud İrandakı etirazlara hansısa başqa formada dəstək versələr, ailə üzvləri ağır problemlərlə üzləşəcək. Futbolçular ailə üzvlərinin işgəncəyə məruz qalacağı ilə hədələniblər.

Məlumata görə, İran millisinin portuqaliyalı baş məşqçisi Karluş Keyruş bu hədələrdən sonra SEPAH rəsmiləri ilə ayrıca görüş keçirib və onlara bildirib ki, futbolçuların çempionatda FİFA-nın prinsiplərini pozmamaq şərti ilə etirazlarını ifadə etmək hüququ var.

CNN kanalı baş məşqçi ilə SEPAH zabitlərinin görüşünün nə ilə nəticələndiyini dəqiqləşdirə bilmədiyini qeyd edir.

ABŞ millisi ilə görüşə gəlincə, İran millisinin üzvləri bu görüşdə dövlət himnini, şövqlə olmasa da, oxuyublar.

Görüş 1:0 hesabı ilə ABŞ-ın xeyrinə bitib, bununla da iranlı futbolçular dünya çempionatından ələnib.

Sentyabrın 18-dən İranda davamlı etiraz aksiyaları keçirilir. Etirazlar gənc kürd qadın Məhsa Əmininin ölümündən sonra başlanıb. Sentyabrın 13-də əxlaq polisinin hicab qaydalarını pozma ittihamı ilə tutduğu Məhsa Əmini üç gün sonra xəstəxanada dünyasını dəyişib. Çoxları gənc qadının fiziki zorakılığın qurbanı olduğuna inanır.

Aksiyaları yatırtmaq cəhdlərinin indiyədək 400 nəfərə yaxın adamın ölümü, 15 min nəfərin həbsi ilə nəticələndiyi bildirilir. (Novator)