Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mirziyoyev xaricdəki özbəkistanlıların ölkəyə ildə 50 milyard dollar köçürməsini hədəf qoyub

Özbəkistan prezidenti Şavkat Mirziyoyev xaricdən ölkəyə göndərilən illik pul köçürmələrinin həcmini 50 milyard dollara çatdırmağın vacibliyini bildirib. O, bu barədə noyabrın 2-də əmək miqrasiyasına həsr olunmuş müşavirədə danışıb.

Mirziyoyev diqqətə çatdırıb ki, hazırda ölkə vətəndaşları xaricdən vətənlərinə 20 milyard dollardan çox pul göndərsələr də, dövlət qurumları bu prosesin təşkilində, demək olar ki, heç bir rol oynamırlar.

"İxracı 70 milyard dollara çatdırmağı hədəflədiyimiz kimi, bu istiqamətdə də ailələrə ildə 50 milyard dollar pul göndərilməsinə nail olmalıyıq", – Mirziyoyev bildirib.

O vurğulayıb ki, xaricdə işləyən vətəndaşların gəlirlərinin artması həm onların ailələrinin maddi rifahını yaxşılaşdırmalı, həm də ölkəyə beynəlxalq təcrübəyə malik mütəxəssislər qazandırmalıdır.

Ötən il Özbəkistanın ümumi daxili məhsulu (ÜDM) 147 milyard dollar təşkil edib.

Prezident vilayət və rayon rəhbərləri olan hakimləri, səfirləri və digər dövlət qurumlarını əmək miqrantlarına yetərincə dəstək vermədiklərinə görə tənqid edib. Onun sözlərinə görə, mövcud pul köçürmələrinin həcmi əsasən xaricdə çalışanların öz səyləri sayəsində təmin olunur: "Bu gün dövlətin həmin 20 milyard dollarda heç bir payı yoxdur".

Mirziyoyev bildirib ki, özbəkistanlılar xaricdə ayda ən azı 2 min dollar qazana bilməlidirlər. Prezident peşə hazırlığı olmayan bəzi vətəndaşların xaricdə cəmi 400 dollar maaşla işləməsindən narazılığını ifadə edib: "Siz gənclərə peşə öyrətmədən onları nəhəng okeana çıxmağa məcbur edirsiniz. Onlar azı 2 min dollar qazanmalıdırlar".

Mirziyoyev gələcək əmək miqrantlarını xaricdə işləməyə əvvəlcədən hazırlamağa, onlara peşə və xarici dilləri öyrətməyə çağırıb. Prezidentin fikrincə, gənclər ölkədən çıxmazdan əvvəl harada işləyəcəklərini, nə qədər maaş alacaqlarını və hüquqlarını kimin müdafiə edəcəyini dəqiq bilməlidirlər.

Prezident əlavə edib ki, son 10 ildə xaricdə çalışan Özbəkistan vətəndaşlarının sayı iki dəfə azalsa da, ölkəyə göndərilən pul köçürmələrinin həcmi dörd dəfə artıb.