Logo
news content
User
Kateqoriyalar

Xəbər

Milyonlardan imtina edən aktyorlar

Aktyorlar öz işlərinə sadəcə qazanc gətirən iş kimi yanaşmırlar. Rolun çoxlu pul gətirməsi onlar üçün hər şey demək deyil. Hollivudda bir çox aktyor böyük gəlirli rollardan imtina edib. cbr.com saytı bu halların bir neçəsi haqda yazıb.

Leonardo Di Kaprio "American Psycho" filmindəki roldan və 21 milyon dollarlıq ödənişdən imtina edib.

Amerikalı feminist jurnalist Qloriya Staynem o zaman hələ çox gənc olan Di Kaprionu bu təklifdən imtina etməyə inandırıb. O, aktyora "Titanic"dəki rolundan sonra bütün planetin diqqət mərkəzində olacağını deyib. Staynem həm də deyib ki, "American Psycho" filmi qadınlara qarşı qorxunc zorakılıq səhnələri ilə doludur. Onların görüşündən çox keçməmiş Leo təklifi rədd edib.


Forrest Qampı Travolta oynaya bilərdi


Con Travolta Forrest Qamp rolundan və 70 milyon dollarlıq ödənişdən imtina edib. 1994-cü il Hollivud tarixinə iki əlamətdar film – "Forrest Gump" və "Pulp Fiction"la düşüb. Bu iki film arasında ilk baxışdan göründüyündən daha çox əlaqə var imiş.

"Pulp Fiction" filmində baş rollardan birinin ifaçısı olan Con Travolta bu filmin heyətinə qoşulmazdan əvvəl Forrest Qamp roluna dəvət olunubmuş. Ancaq aktyor Kventin Tarantinonun ssenarisini o qədər bəyənib ki, digər təklifdən imtina edib.

"Forrest Gump"ın müəllifləri də bu rola Tom Henksi çağırıblar. Tom Henks bu roldan 70 milyon dollar, kassa gəlirlərindən pay, üstəlik "Ən yaxşı aktyor" nominasiyasında "Oskar" əldə edib. Yeri gəlmişkən, Travolta "Pulp Fiction"dakı roluna görə eyni nominasiyada "Oskar"a namizəd göstərilmişdi.


"Avatar"


Mett Deymon "Avatar" filmində baş roldan və filmin qazancının 10 faizdən imtina edib.

"Avatar" o zaman hələ tanınmayan aktyor Sem Uortinqtonun həyatını dəyişib. Ancaq o bu rolu əldən buraxa da bilərdi. Çünki Ceyms Kemeron filmin baş rolunu əvvəlcə Mett Deymona təklif etmişdi: "Adlı-sanlı aktyor, mənə bu film üçün ad lazım deyil. Əgər götürmürsənsə, tanınmamış aktyor tapıb [rolu] ona verəcəyəm. Əslində filmin sənə ehtiyacı yoxdur. Ancaq qəbul edirsənsə, gəlirin 10 faizini sənə verəcəyəm".

Uzun sözün qısası, Deymon bu təklifi qəbul etsəydi, azı 250 milyon dollar qazanacaqdı. Aktyor bu təklifdən "Green Zone" filmindəki işi ilə üst-üstə düşdüyü üçün imtina edib.

Uill Smit "Matrix"də oynamaqla 35 milyon dollar qazana bilərdi. Bu filmdə ona Neo rolu təklif olunmuşdu. Smit Vaçovskilərin filmlə bağlı baxışını anlaya bilməyib. Smit geriyə baxarkən də düşünür ki, filmin aktyor heyətinə qoşulsaydı belə, rolu uğurlu oynaya bilməzdi.




30 milyon dollar və 15 faizlik paydan imtina


Şon Konneri "Lord of the Rings" trilogiyasında Qendalfı oynamaqla 30 milyon dollar qazana bilərdi. Ancaq o bu rola görə uzaq məsafəyə səyahət etmək istəməyib.

Qendalf rolu ilə məşhurlaşmış İen Makkellenin hazırkı varidatı 60 milyon dollar təşkil edir. Bunun əsas səbəbi onun təxminən eyni vaxtda həm "X-Men", həm də "Lord of the Rings" layihələrinə qoşulmasıdır. Bu addım onu meqastara çevirib. Hazırda onun adı Qendalfla sinonim kimi qəbul edilsə də, Makkellen rejissorun ilk seçimi olmayıb.

Piter Ceksonun bu rol üçün ilkin seçimi Şon Konneri olub. Ancaq Konneri bu iş üçün ABŞ-dan Yeni Zelandiyaya getmək istəməyib. Bundan başqa, o, bir müsahibəsində materialı anlamadığını etiraf edib. Cekson və həmkarları Konnerinin layihəyə qoşulmasını o qədər çox istəyirmiş ki, ona 30 milyon dollarlıq avansdan başqa filmin ümumi gəlirinin 15 faizi qədər pay da vəd ediblərmiş. Ancaq o, yenə də imtina edib.

Rassell Krou isə eyni layihədə Araqornu oynamaq üçün 100 milyon dollar qazana bilərdi. Ancaq son nəticədə orijinal trilogiyada bu rolu Viqqo Mortensen canlandırıb və bu rolla məşhurlaşıb.