Logo
news content
User
Kateqoriyalar

Xəbər

Meymunçiçəyi: Bu virus nədir və necə yayılır?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika qitəsində yayılan, "meymunçiçəyi" kimi də tanınan mpox virusuna görə qlobal fövqəladə vəziyyət elan edib. Virus son illərdə ilk dəfə Afrikadan kənarda- İsveçdə aşkar edilib.

ÜST yaxın günlərdə Avropada meymunçiçəyinə yoluxma hallarının artacağını gözləyir.

Meyminçiçəyi nədir və bu virus necə yayılır? Hansı simptomları var? BBC Azərbaycanca bu və digər suallara cavab tapmağa çalışıb.

Meymun çiçəyi nə qədər yayğındır?

Meymunçiçəyi

Meymunçiçəyi infeksiyası təbii çiçək xəstəliyi ilə eyni ailəyə mənsub viruslara aid olsa da, o qədər aqressiv deyil və mütəxəssislər ona yoluxma ehtimalının aşağı olduğunu hesab edirlər.

Bu infeksiyanın mənbəyi əsasən mərkəzi və qərbi Afrika ölkələrinin ucqar hissələrində, tropik yağış meşələrinin yaxınlığında yerləşir.

Virusun iki əsas növü var - Qərbi Afrika və Mərkəzi Afrika.

Britaniyada yoluxmuş xəstələrdən ikisi Nigeriyadan gələn şəxslərdir, buna görə də onlarda Qərbi Afrika ştamının olduğu güman edilir. Bu növün mülayim olduğu deyilir, hərçənd ki, bu, hələ rəsmən təsdiqlənməyib.

Xəstələrdən birinə infeksiyanın tibb işçisindən keçdiyi məlumdur.

Digər hadisələr bir-biri ilə və hər-hansı səyahətlə əlaqəli deyil. Belə görünür ki, yoluxma yerli cəmiyyətdə yayılan virusla bağlıdır.

May ayından bəri Böyük Britaniyada 3,500-dən çox hal qeydə alınıb, lakin həssas qrupların peyvəndlənməsindən sonra, iyul ayından bəri yoluxma hallarının sayında azalma müşahidə edilir.

Təsirə məruz qalanların əksəriyyəti kişilərlə cinsi əlaqədə olan kişilər olub.

Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi infeksiyaya yoluxduğunu hesab edən şəxslərə həkimə müraciət etməyi məsləhət edir.

Simptomlar hansılardır?

Meymunçiçəyi virusunun hissəcikləri

ŞƏKLİN MƏNBƏYİ,SCIENCE PHOTO LIBRARY

Şəklin alt yazısı,Meymunçiçəyi virusunun hissəcikləri

İlkin simptomlara qızdırma, baş ağrısı, şişkinlik, bel ağrısı, əzələ ağrısı və ümumi halsızlıq daxildir.

Qızdırma keçdikdən sonra səpgilər əmələ gələ bilər. Onlar adətən üzdən başlayır və sonra bədənin digər hissələrinə, daha çox ovuclara və ayaqların altına yayılır.

Kəskin qaşıntıya səbəb olan səpgilər müxtəlif mərhələlərdən keçir və qabıq qoyandan sonra azala bilər. Onlar həmçinin dəridə izlər buraxa bilər.

Adətən 14-21 gün davam edən xəstəlik öz-özünə səngiyir.

Virusa necə yoluxa bilərsiniz?

Meymunçiçəyi

Meymunçiçəyi virusu ona yoluxan şəxslə yaxın təmasda olanlara ötürülür. Virus bədənə dəri sıyrıqları, tənəffüs yolları, göz, burun və ya ağız vasitəsilə yol tapa bilər.

Virus cinsi yolla yayılan infeksiya kimi təsvir edilməyib, lakin o, cinsi əlaqə zamanı birbaşa təmas vaxtı ötürülə bilər.

O, həmçinin meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlar, yataq dəsti və paltar kimi əşyalar vasitəsilə də yayıla bilər.

Nə qədər təhlükəlidir?

Əksər hadisələr mülayim formada olur, bəzən su çiçəyi xəstəliyinə bənzəyir və bir neçə həftə ərzində öz-özünə yox olur.

Meymunçiçəyi bəzən daha kəskin keçə bilər və onun Qərbi Afrikada ölümlərə səbəb olduğu qeyd edilir.

Epidemiyalar nə qədər yayğındır?

Virus ilk dəfə meymunda aşkar edilib və 1970-ci ildən bəri 10 Afrika ölkəsində sporadik epidemiyalar qeydə alınıb.

Afrikadan kənarda xəstəliyin ilk yayılması halı 2003-cü ildə ABŞ-da qeydə alınıb. O vaxt virus xırda məməlilərdən yoluxan çöl itləri ilə yaxın təmas vasitəsilə yayılıb.

Qeydə alınan 81 hadisə nəticəsində ölən olmayıb.

İndiyədək məlum olan ən böyük epidemiya 2017-ci ildə Nigeriyada baş verib. Burada 172 şübhəli hadisə olub. Yoluxanların 75 faizi 21-40 yaş arası kişilər olub.

Müalicəsi nədir?

Meymunçiçəyinin müalicəsi yoxdur, lakin infeksiyanın qarşısının alınması ilə onun yayılmasına nəzarət etmək olar.

Bu infeksiyaya qarşı təbii çiçək peyvəndinin 85 faiz təsirli olduğu təsdiqlənib.

Böyük Britaniya çiçək xəstəliyinə qarşı peyvəndin dozasını alıb, lakin neçə doza vurula biləcəyi bəlli deyil.

İspaniyanın minlərlə vaksin dozası sifariş etməyə hazırlaşdığı bildirilir.

Mənbə: İngiltərənin İctimai Səhiyyə qurumu və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST).