Logo
news content
User
Kateqoriyalar

Xəbər

"MeydanTV"-nin jurnalistlərinin həbs müddəti uzadılıb

Sentyabrın 16-da Xətai rayon Məhkəməsində "MeydanTV işi" üzrə həbs olunan bəzi jurnalistlərin həbs müddətləri artırılıb.

Ayrı-ayrılıqda keçirilən proseslərdə jurnalistlər Fatimə Mövlamlı, Ülviyyə Əli və Şəmşad Ağanın həbs müddəti daha 3 ay uzadılıb.

MeydanTV-nin əməkdaşları - Aynur Elgünəş, Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudova və jurnalist Ramin Deko ötən il dekabrın 6-dan həbsdədirlər. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbi direktorunun müavini Ülvi Tahirov da həbs olunub. Onların hər birinə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Sonradan MeydanTV ilə bağlı cinayət işi üzrə daha dörd nəfər - Şəmşad Ağa (2025-ci il fevralın 5-də), Nurlan Qəhrəmanlı (fevralın 21-də), Fatimə Mövlamlı (martın 1-də) və Ülviyyə Əli (mayın 7-də) həbs edilib. Onların bundan əvvəl də həbs müddətləri artırılıb.

2025-ci il avqustun 28-də "MeydanTV işi" üzrə ittihamlar ağırlaşdırılıb və daha yeddi maddə əlavə olunub. Onlar Cinayət Məcəlləsinin 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə ...) və 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddəsidir.

Jurnalistlər özlərini təqsirli bilmir, peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.