Məhkəmə Özgür Özəlin sədr seçildiyi qurultayın nəticələrini ləğv etmədi
25 Oktyabr 2025
Türkiyədə məhkəmə CHP-nin 2023-cü il qurultayının nəticələrinin ləğvi ilə bağlı işi rədd edib. Həmin qurultayda iddia olunan pozuntularla bağlı işin artıq mahiyyətini itirdiyi bildirilib. Məhkəmənin qərarında partiyanın keçən ay fövqəladə qurultayında Özgür Özəli yenidən sədr seçməsi də qeyd olunub.
"Reuters" yazır ki, bu qərar bir ildən çox çəkən misilsiz hüquqi təzyiqdən sonra prezident R.T.Ərdoğanın rəqibləri üzərindəki gərginliyi bir qədər azaldıb.
Qərardan sonra Türkiyə aktivləri dəyər qazanıb. "Borsa İstanbul" indeksi (.XU100) 4 faizdən çox artıb, lirə isə dollara qarşı möhkəmlənib.
İmamoğlu barəsində casusluq ittihamı araşdırılır
İstanbul Böyükşəhər Bələdiyyəsinin hazırda həbsdə olan keçmiş sədri Əkrəm İmamoğlu barəsində casusluq ittihamı ilə təhqiqat başlanıb. Türkiyə mediasının verdiyi xəbərə görə, eyni təhqiqat İmamoğlunun seçki kampaniyası direktoru Necati Özkan və jurnalist Mərdan Yanardağ haqqında aparılır. Yanardağ saxlanılıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi sayılan İmamoğlu korrupsiya ittihamları ilə saxlanıb.
Türkiyə məhkəməsindən CHP qərarı gözlənilir
Oktyabrın 24-də Türkiyə məhkəməsinin müxalif CHP ilə bağlı qərarı gözlənilir. "Reuters" yazır ki, bu qərarı ölkədə demokratiya ilə avtoritarizm arasındakı qeyri-sabit balansın sınağı kimi görür.
Məhkəmə Cümhuriyyət Xalq Partiyasının (CHP) 2023-cü ildəki illik qurultayının nəticələrini etibarsız saysa, bu, partiyanın 51 yaşlı lideri Özgür Özəlin sədrlikdən uzaqlaşdırılması demək olacaq.
Özəl martda İstanbul Böyük Şəhər Bələdiyyəsinin başqanı, partiyadan prezidentliyə namizədi Əkrəm İmamoğlunun həbsindən sonra daha çox tanınıb. İmamoğlu prezident Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi sayılır.
CHP İmamoğluna ittihamları rədd edir.
Rəy sorğularının çoxunda bu partiya Ərdoğanın islamyönümlü, mühafizəkar Ədalət və İnkişaf Partiyası (AKP) ilə təxminən eyni səviyyədədir.
Məhkəmə qurultayın nəticələrini ləğv edib Özəli vəzifədən uzaqlaşdırsa, partiyanı idarə etmək üçün qəyyum təyin edə bilər. Digər variant isə 2023-cü il seçkilərində Ərdoğana məğlub olan, sonradan CHP daxilində etimadını itirən keçmiş sədr Kamal Kılıçdaroğlunun yenidən vəzifəyə gətiriləcəyidir.
Məhkəmə həmçinin qərar verməyi yenidən təxirə sala da bilər.
CHP ötən ay fövqəladə qurultayında Özəli yenidən sədr seçib, məhkəmə qərarının onun rəhbərliyinə təsirini minimuma endirməyə çalışıb.
Son bir ildə partiyanın yüzlərlə üzvü həbs olunub. Tənqidçilər baş verənləri siyasi və antidemokratik təqib kampaniyası kimi dəyərləndirir. Hökumət iddiaları rədd edir, məhkəmə sisteminin müstəqil olduğunu bildirir.