Logo
news content
User
Kateqoriyalar

Xəbər

Medianın İnkişafı Agentliyi tənqid etdi - Amma ad çəkmədi

"Azərbaycan dövləti cəmiyyət həyatında mühüm rol oynayan peşəkar medianın fəaliyyətini daim yüksək qiymətləndirib, onun inkişafına hərtərəfli dəstək göstərib".

Bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, ölkəmizin informasiya mühitinin sağlamlaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi hazırkı dövrdə bəzi şəxslərin öz statusundan istifadə edərək media mənsublarına qarşı etik çərçivələrə sığmayan təhqir və ittihamedici ifadələrdən istifadə etməsi yolverilməzdir:

"Plüralizm, söz azadlığı, hər hansı tənqidi media materialına cavab hüququ etik prinsiplərin pozulması və təhqir xarakterli ifadələr üçün əsas ola bilməz.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi vəzifəsindən və statusundan asılı olmayaraq, hər kəsi öz peşəkar funksiyalarını yerinə yetirən media və jurnalistlərlə münasibətlərində daha təmkinli, məsuliyyətli olmağa və qarşılıqlı hörmət prinsiplərinə riayət etməyə çağırır".

Xatırladaq ki, adı çirkli pulların yuyulmasında hallandırılan, mənşəyi bəlli olmadığından ailəsinə məxsus olan 5,9 milyon funt-sterlinq vəsaiti London məhkəməsi tərəfindən müsadirə edilən millət vəkili Cavanşir Feyziyev iki gün öncə "Facebook" sosial şəbəkə hesabında qəzəbli status yazıb. O, statusunda ölkənin bir çox tanınmış jurnalistlərini, eləcə də siyasətçilərini təhqir edib.