Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Lukoil"un xarici aktivlərini Putinin dostunun şirkəti alacaq

"Gunvor" neft ticarəti şirkəti Qərbin sanksiyaları altında olan "Lukoil"un xarici aktivlərini almağı təklif edib. Bu şirkət Rusiya prezidenti Vladimir Putinə yaxın oliqarx Gennadi Timçenkonun nəzarəti altındadır.

"Lukoil" təklifi qəbul edib və "Gunvor"dan başqa digər potensial alıcılarla danışıqlar aparmamaq öhdəliyi götürüb. Bunu TASS iki şirkət arasındakı danışıqlara yaxın mənbələrlə istinadla xəbər verib. "Lukoil" aktivlərinin "Gunvor"a satılacağını təsdiqləyib.

Satış Avstriyada qeydiyyatdan keçmiş "Lukoil International GmbH" şirkətinin 100 faiz səhmlərini əhatələyəcək. Bu ay ABŞ Maliyyə Nazirliyi "Lukoil" və "Rosneft" daxil Rusiyanın ən böyük neft şirkətlərinə sanksiyaları açıqlayıb. Nazirlik bunu "Rusiyanın Ukraynada müharibəyə son qoymaq üçün sülh prosesinə ciddi yanaşmaması" ilə əsaslandırıb.

Sanksiyalar "Lukoil" və "Rosneft"in törəmə müəssisələrinə də aiddir. Buraya yanacaqdoldurma şəbəkələri, geoloji kəşfiyyat, neft və qaz hasilatı, yataqların idarə edilməsi və logistika ilə məşğul olan şirkətlər daxildir.

"Gunvor" şirkətini 1997-ci ildə G.Timçenko və neft treyderi Turbyorn Törnkvist yaradıb. Şirkət neft və neft məhsulları ilə ticarət edir, 2007-ci ildən Rusiyada, xaricdə aktivlər alaraq enerji-logistika holdinqi formalaşdırır. Şirkətə Novorossiysk mazut terminalı, Xəzərdəki "Laqan" yataqları bloku, Türkiyə, Panama və Avropada aktivlər, Belçika və Almaniyada neftayırma zavodları məxsusdur.

2014-cü ilin martınadək "Gunvor Group"un 44 faizi Timçenkoya, digər 44 faizi Törnkvistə məxsus olub. Həmin il Ukraynanın Krım vilayətinin ilhaqından sonra sanksiyalardan ehtiyatlanan Timçenko payını Törnkvistə satıb, amma şirkət üzərində nəzarəti faktiki saxlayıb.

Araşdırmalar üzə çıxarıb ki, Timçenko Qərbin Rusiya neftinə sanksiyalarından sonra Rusiya neftinin (o cümlədən "Rosneft"in) satışı üçün treyderlərin tapılması ilə məşğuldur. Onunla əlaqəli şəxslər Rusiya limanlarında "kölgə donanması" adlandırılan Rusiya tankerlərinin yarısından çoxuna xidmət göstərib. Bu haqda "Vajnıye istorii" yazır.

Timçenkonun Rusiya və Finlandiya vətəndaşlığı da var. "Current Time" yazır ki, o, Putinə yaxın olmasına baxmayaraq, qeyri-rəsmi vasitəçilərin hesabına Qərb sanksiyalarından yayına bilib. ABŞ Maliyyə Nazirliyi Putinin "Gunvor" biznesində pay sahibi olduğunu bəyan edib. Belə ki, şirkətin keçmiş sahiblərindən biri Putinin uşaqlıq dostu Pyotr Kolbin olub.

"Forbes" Timçenkonu Rusiyanın altıncı milyarderi olduğunu yazır. Onun "Gunvor"dan əlavə, "Novatek", "Stroytransqaz", "Transoyl" və "Sibur" şirkətlərində də payları var. Putinə yaxınlığını göstərən daha bir fakt: Timçenkonun strukturları "Baltika" pivə şirkətinin alınmasını maliyyələşdirib və Putinlə Alina Kabayevanın övladları - Vladimir və İvanın şəxsi müəllimlərinin maaşlarını ödəyib. Bu faktı Aleksey Navalnının araşdırma qrupu üzə çıxarıb.