“Lukoil” şirkəıti ilə bağlı iddialar təsdiqlənib - Benzin çənində suları olub
24 Dekabr 2024
“Lukoil-Azərbaycan” yanacaqdoldurma məntəqəsində maşına benzin yerinə su vurulması ilə bağlı iddialara reaksiya verib.
Qurumun Dövlət qurumları və bizneslə iş üzrə meneceri Rail Ağayev bildirib ki, “Lukoil”in “Şamaxinka”da yerləşən YDM-də belə hadisə olmayıb: “Belə bir hal Binəqədidə “Qoşa Zapravka” deyilən 19 saylı YDM-də dekabrın 18-19-da yaşanıb. Çənə qrunt suları axıb. Operatorlar da axıra kimi çəndən yanacaq vurublar. Hazırda o məsələ araşdırılır. İndiyə qədər 20-dən çox şəxsin müraciəti olub, hamısına da kompensasiya ödənilib.
Əgər belə bir iddia varsa, müştəri həmin məntəqənin rəhbərliyinə müraciət eləsin. Orada kameralar var, video ilə baxsınlar ki, avtomobilə nə doldurulub. Əgər həqiqətən də, onun şikayəti bizdən asılı səbəbdən baş veribsə, əlbəttə, onun maşınını da təmir edəcəyik, kompensasiyasını da verəcəyik. Su doldurulması məsələsi ilə bağlı komissiya yaradılıb, məsələ araşdırılır. Bircə-bircə bütün müraciətlərə baxılır. Şikayətçinin “çənimdən su çıxıb” deməsi necə aşkar edilib, bunu kim müəyyənləşdirib? Benzində su olmur axı, bunlar qarışmayan məhsullardır. Texnogen qəza halında ola bilər, amma bu zaman su aşağı çökür. Heç istəsən də, onu vura bilməzsən. Gəlib müraciət eləsin, araşdıraq”.
Şirkət rəsmisi benzin əvəzinə, səhvən dizel yanacağının vurulması ehtimalına da aydınlıq gətirib: “Bəzi ekspertlər deyirlər ki, dizel vurublar. Amma mən bunu deyə bilmərəm, çünki bu məsələ də araşdırılmalıdır. Əgər elə bir hal varsa, problem həll olunacaq.
Hazırda bu məsələ komissiya tərəfindən araşdırılır. Bu, bizim 30 illik fəaliyyətimiz dövründə ilk belə hadisədir. Bundan əvvəl digər şirkətlər tərəfindən belə hallar yaşanıb”.
Xatırladaq ki, ilkin məlumatda şirkətin “Şamaxinka”da yerləşən məntəqəsində yanacaq əvəzinə çənə su vurulduğu bildirilmişdi. Şikayətçi 99-XN-288 nömrəli “Hyundai Elantra” avtomobilinə 500 AZN ziyan dəydiyini qeyd etmişdi. (Qafqazinfo)