Lukaşenko: ABŞ Belarusa "böyük razılaşma" təklif edir
21 Mart 2026
Belarusun lideri Aleksandr Lukaşenko Birləşmiş Ştatların Belarusa "böyük saziş" bağlamağı təklif etdiyini bildirib. Bir gün əvvəl o, Minskdə ABŞ prezidentinin xüsusi elçisi ilə görüşdən sonra 250 siyasi məhbusu azad edib.
Jurnalistlərlə söhbətində Lukaşenko deyib ki, razılaşma ABŞ prezidenti Donald Trampın adından təklif olunub. "Bu, Belarus üçün, mənim üçün də vacibdir. Ona görə də dedim ki, "Mən bunu normal qəbul edirəm. Donalda çatdırın ki, mən bu böyük razılaşmanı işləyib hazırlamağa razıyam", - Lukaşenko bildirib. Onun sözlərinə görə, hazırda bu saziş üzərində iş gedir.
Lukaşenko vurğulayıb ki, siyasi məhbusların azad olunması (o, onların siyasi motivlərlə məhkum olunduğunu inkar edir) və sanksiyaların qaldırılması məsələlərinə əlavə olaraq, "böyük saziş" səfirliklərin işinin bərpasını və nüvə materialları üzərində nəzarəti də əhatə edə bilər. O, Vaşinqtona səfər etmək və prezident Trampın dəvəti ilə Sülh Şurasının növbəti iclasına qatılmaq niyyətində olduğunu bildirib.
Bir gün öncə Lukaşenko ilə görüşdən sonra Trampın xüsusi elçisi Con Koul Minsk və Vaşinqton arasında münasibətlərin yaxşılaşdığına diqqət çəkərək bir neçə Belarus bankına və ölkənin Maliyyə Nazirliyinə qarşı sanksiyaların qaldırılacağını açıqlayıb. Bundan əvvəl ABŞ "Belavia" və "Belaruskali"yə qarşı sanksiyaları ləğv etmişdi. Koul ümidvar olduğunu bildirib ki, ilin sonuna qədər Belarusda bütün siyasi məhbuslar azad ediləcək–yüzlərlə məhbus hələ də dəmir barmaqlıqlar arxasındadır.
Vaşinqton hələlik Lukaşenkonun "böyük razılaşma" ilə bağlı açıqlamalarına münasibət bildirməyib.
Lukaşenko həmçinin deyib ki, danışıqlar zamanı ABŞ nümayəndələri Rusiya və Çinlə bağlı suallar verirdilər, lakin onda Vaşinqtonun Belarusu Rusiyadan qoparmağı qarşısına məqsəd qoyduğu təəssüratı yaranmayıb. Daha əvvəl Koul ilə görüşən Litva deputatları bildiriblər ki, Amerika tərəfi Belarusun Rusiyanın satelliti rolundan imtina etməsini Lukaşenko ilə münasibətlərin yaxşılaşdırılmasında hədəflərdən biri kimi görür. Ağ ev bunu rəsmi olaraq təsdiqləməyib.
Bu arada məlum olub ki, "Visa" beynəlxalq ödəniş sistemi Avropa İqtisadi Birliyi ölkələri ərazisində "Belaqroprombank", "Belqazprombank" və Belarusun "Alfa-Bankı"nın kartları ilə hesablaşmaları qadağan edib. Bu o deməkdir ki, kart sahibləri Avropa İttifaqı (Aİ) ölkələrində, Böyük Britaniyada, İslandiyada, Lixtenşteyndə və Norveçdə bankomatlardan nağd pul çıxara, dükanlarda, onlayn-mağazalarda və onlayn-servislərdə ödəniş edə bilməyəcəklər. Bu banklar Aİ-nin sanksiyaları altındadır.