Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Lənətli Patrik” həbs edildi

Kolumbiyanın hərbçiləri və polisi “Körfəz klanı” narkotik qrupunun liderlərindən biri, “Lənətli Patrik” ləqəbi ilə tanınan Fausto Palasiosu saxlayıb.

Bu barədə müdafiə naziri Dieqo Molano bildirib.

“Körfəz Klanı”nın lideri “Lənətli Patrik” saxlanılıb. O, Sukredə ən çox axtarılan cinayətkarlardan biri idi”, - deyə Molano “Twitter”də xəbər verib.

Kolumbiya Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, Palasios “Körfəz Klanı”na 2012-ci ildə qoşulub. 2016-cı ildə Manuel Xose Qaytan klanının alt strukturunda Santiaqo de Tolu bələdiyyəsinə göndərilib, 2021-ci ildə isə bu alt strukturun silahlı qanadının rəhbəri təyin edilib. Onun haqqında məlumat üçün 25 milyon Kolumbiya pesosu (təxminən 11 min manat - red.) məbləğində mükafat təyin edilmişdi.

“Körfəz Klanı” son vaxtlara qədər Dairo Antonio Usuqinin (həmçinin Otoniel kimi tanınır) rəhbərliyi altında əksəriyyəti hərbi ekstremal sağçılardan tərxis olunmuş 1500-ə qədər qulduru birləşdirirdi. Usuqa Kolumbiyada beş il ərzində ən çox axtarılan cinayətkar olub, oktyabrın 23-də o, ölkənin şimal-qərbində Antiokiya departamentində keçirilən hərbi əməliyyat nəticəsində saxlanılıb. (Oxu.az)