Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kosmosun fəthi: 2023-cü ildən gözləmək olar?


Son vaxtlar kosmos 1960-cı illərdəki qədər populyarlaşıb – onda bu sahə yenicə tədqiq olunmağa başlamışdı və iki  kosmik dövlət (SSRİ və ABŞ) arasında əsl kosmik yarış gedirdi. Doğrudur, ola bilsin, indi uşaqlar bağçadan kosmonavt olmaq qərarıyla qayıtmırlar, amma hamımız maraqla gözləyirik ki, görək kim hara və nə vaxt uçacaq.





2022-ci il Artemis-1 missiyasının pilotsuz Orion kosmik gəmisinin Ayın ətrafında uğurlu bir şəkildə dövrə vurmasıyla başa çatdı. Bu, insanların Yerin peykinə uçmasına və ora enməsinə hazırlıq mərhələsiydi.





Bəs 2023-cü ildə bizi nələr gözləyir?





Ay missiyaları




Orion  orbital missiyasından sonra NASA bu uğuru inkişaf etdirmək və Aya yeni ekspedisiyalar göndərmək niyyətindədir. Məqsəd 2025-ci ilə planlaşdırılan pilotlu uçuşlardan əvvəl orda elmi təcrübələr həyata keçirmək və avadanlıqları sınaqdan keçirməkdir.










Nova-C eniş aparatı





Nova-C eniş aparatı Aya Falcon 9 raketiylə göndəriləcək




NASA ilk olaraq Nova-C eniş aparatını göndərəcək. Astronavtların istifadə edəcəyi elmi avadanlıqlardan ibarət beş bağlamanı Aya aparmalı olan bu aparat Fırtınalar Okeanına enməlidir.





Pilotlu missiyalar üçün faydalı ola biləcək məlumatların hansı keyfiyyətlə toplanıb ötürüləcəyini müəyyən etmək üçün aşağı tezlikli radioötürücülər, sensorlar, foto və video kameralar sınaqdan keçiriləcək.





Vulcan Centaur daşıyıcısı vasitəsilə Aya uçuş hazırlığı çərçivəsində Peregrine eniş kapsulu da göndəriləcək.





Beş manevr mühərrikiylə təchiz edilmiş bu kapsul yüklərin Ay səthinə çatdırılması üçün istifadə olunacaq.





Kosmik turizm




Bu il orbitdə 10 günlük tətil üçün əlini cibinə salanları Beynəlxalq Kosmik Stansiyaya (İSS) aparmaq üçün iki uçuş planlaşdırılıb. Bu, bahalı əyləncədir - təxminən 60 milyon dollara başa gəlir, amma o da var ki, turistlər stansiyanın pəncərəsindən fantastik mənzərələr görəcəklər.





Yapon milyarder Yusaku Maezava İlon Maska məxsus SpaceX şirkətinin Aya səyahət edəcək Starship kosmik gəmisində özüylə aparacağı səkkiz şanslı şəxsin  adını açıqlayıb.





Turist kimi ilk dəfə 2021-ci ildə,  Rusiyanın Soyuz kosmik gəmisində BKS-də  olmuş  Maezava  bu dəfə dearMoon (Əziz Ay) adlı layihə çərçivəsində kosmosa qayıtmaq və Ayın orbitinə çıxmaq istəyir. Uçuş təxminən bir həftə davam edəcək, amma Yerin peykinə enmək proqrama daxil deyil.





BKS-yə və geriyə









Şəkil. BKS Yerdən göndərilən təchizatdan asılıdır





BKS Yerdən göndərilən təchizatdan asılıdır




Son illərdə biz Space X-in Crew Dragon gəmisinin BKS üçün marşrut avtobusuna çevrilməsinə alışmışıq: dəqiq bir qrafik üzrə ora yük daşıyır, stansiyanın heyətini dəyişir. “Əjdaha” bu il də eyni qrafiklə uçacaq, amma indi xəttə Boeing CST-100 Starliner-də çıxacaq.





Starliner ekipajları BKS-ə və aşağı orbitli digər obyektlərə çatdırmaq üçün nəzərdə tutulmuş, təkrar istifadə edilə bilən kosmik gəmidir (şərti olaraq) və biz onun uçuşlarını ilk dəfə bu il müşahidə edə biləcəyik.





Gəmi müxtəlif müasir cihazlarla və təbii ki, həm də internet əlaqəsiylə təchiz olunub. Onun kosmosa  maksimum 10 dəfə uçacağı bildirilir.





Yupiterin buzlu ayları









Yupiterin üçüncü ən böyük peyki İo





Yupiterin üçüncü ən böyük peyki İo. Səthində su olmadığı üçün bu peyk alimlərdə maraq doğurmayıb




Avropa Kosmik Agentliyi (ESA) da rəqiblərindən geri qalmaq niyyətində deyil - qurum aprel ayında Yupiter Icy Moons Explorer (JUICE, Yupiterin buzlu aylarını araşdıran) aparatını kosmosa göndərməyi planlaşdırır. Aparatın görəcəyi işlər elə adından bəllidir: 13 il davam edəcək missiyada Yupiterin üç peyki – Qanimed, Kallisto və Avropa peykləri tədqiq ediləcək. Güman edilir ki, onların səthində böyük su ehtiyatları var və bu o deməkdir ki, bu peykləri potensial yaşayış məskəninə çevirmək olar.





İşlər plan üzrə getsə, 2031-ci ildə JUICE Yupiterə çatacaq, tədqiq edilən peyklərin yanından keçəcək, 2034-cü ilin dekabrında isə Qanimedə yaxınlaşacaq və başqa planetin Ayının orbitinə çıxan ilk kosmik gəmi olacaq.





NASA da boş oturmayacaq və oktyabr ayında SpaceX-in xidmətlərindən istifadə edərək Falcon Heavy kosmik gəmisini böyük dəmir-nikel asteroidi Psixe-yə göndərəcək.





Bu, 2022-ci ildə baş verməliydi, proqram təminatındakı nasazlıqlar və digər texniki çətinliklər səbəbindən təxirə salındı. Amma Falcon Heavy mənzil başına çatanda həm də Marsın ətrafında dövrə vuracaq.








Tam məxfi!




Əlbəttə, biz yeni kosmik proqramlar haqqında daha çox bilmək istərdik, amma təəssüf ki, kosmosa təkcə mülki şəxslər yox, hərbçilər də maraq göstərirlər, ona görə də məlumatların çoxu hələ də məxfi saxlanılır.





Məsələn, ABŞ ordusunun yeni yaradılmış Kosmik Qüvvələr qolu bu il bir neçə raket buraxmağı planlaşdırır, amma onların kosmosa nə və niyə aparacaqları sirr olaraq qalmaqdadır.





Hərçənd amerikalılar bəzi sirlərini bölüşürlər: məsələn, 2022-ci ildə bildirdilər ki, onların eksperimental hərbi avtonom kosmik təyyarəsi “X-37B” orbitdə qalma rekordunu təzələyərək 908 gün kosmosda olub. Ola bilsin, bu təyyarə haqqında bu il də nələrsə eşidək.





Öz hərbi-kosmik qüvvələrini ABŞ-dan əvvəl yarada bilmiş (kosmik yarışda heç olmasa, bir  qələbə qazanmış) Rusiya  2024-cü ildə BKS proqramından çıxacağını açıqlayıb.





Roskosmos-un yeni rəhbəri Yuri Borisovun sözlərinə görə, ölkənin kosmik sənayesinin vəziyyəti o qədər də yaxşı deyil, ona görə də artıq inhisarçı korporasiya əsasən Rusiya iqtisadiyyatı üçün işləyəcək: naviqasiya, rabitə və hava məlumatlarının ötürülməsi xidmətlərini təmin edəcək.