Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kosaçov: "Azərbaycan-Ermənistan münaqişəsi KTMT-nin işi deyil"

“Mənim nəzərimcə Ermənistan və Azərbaycan arasında münaqişə bu təşkilatın kompetensiyasında deyil. KTMT-yə (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) üzv olan hər bir ölkə bu məsələyə münasibətini müstəqil müəyyən edir”.

Azadlıq Radiosunun Erməni xidməti – Azatutuyun yazır ki, bunu KTMT-nin Yerevanda keçiriləcək iclasının ərəfəsində Rusiya Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçov “Arqumentı i faktı” qəzetinə müsahibəsində deyib:

“Rusiyaya gəlincə, məlumdur ki, biz ən səmimi bir şəkildə tənzimləməyə kömək edirik. Həm də bizim səylərimizə eyni dərəcədə bu və digər tərəfin ehtiyacı var. Başqa cür ola da bilməz, vəziyyət yalnız bu axarda inkişaf etdirilə bilər. Bu münaqişədə tərəflərdən hər hansı birinin mövqeyini dəstəkləmək onun dərinləşdirilməsi demək olardı. Sülh tənzimləməsi mövqeyini tutmaq lazımdır ki, bu tənzimləmənin şərtləri bütün tərəflər üçün məqbul olsun”.

Rusiya siyasətçisinin fikrincə, Türkiyə bu münaqişədə yalnız bir tərəfi dəstəkləməklə səhvə yol verib.

Azatutyun yazır ki, iki gün sonra KTMT-nin Yerevanda keçiriləcək iclasında Ermənistanın təşkilata müraciəti müzakirə olunmalıdır.

Ermənistan KTMT-yə üzv olan ölkələrdən ona birgə kömək göstərilməsini istəyir.

Azatutyun xatırladır ki, sentyabrda Azərbaycan-Ermənistan sərhədində qanlı toqquşmalar baş verəndə Yerevan hərbi kömək üçün həm Rusiyaya, həm də Moskvanın başçılıq etdiyi bu bloka müraciət etmişdi.

KTMT-dən köhnə gözləntilər


Yerevan bildirir ki, KTMT onun bu müraciətinə konkret cavab verməyib, əvəzində Ermənistana vəziyyətin qiymətləndirilməsi üçün missiya göndərib.

Ermənistan habelə onun ərazilərinin “Azərbaycan tərəfindən işğalına” siyasi qiymət verilməsini gözləyir. Rəsmi Bakı hər hansı işğal faktının olmasını inkar edir.

Ermənistanda hakim Vətəndaş Müqaviləsi fraksiyasının deputatlarından Vigen Xaçatryan Kosaçovun dediklərini “qeyri-ciddi” adlandırıb.

Millət vəkili deyib ki, çox güman rusiyalı siyasətçi KTMT-nin nizamnaməsi ilə tanış deyil:

“Biz gözləyirik ki, KTMT siyasi qiymət verəcək, yəni Azərbaycan qoşunlarının Ermənistanın işğal olunmuş suveren ərazilərindən çıxarılmasını tələb edəcək. KTMT-nin sonrakı addımları bu siyasi qiymətdən qaynaqlanmalıdır. Təşkilat öz qərarlarını necə yerinə yetirəcəyinə aydınlıq gətirməlidir”.

Deputat KTMT-dən “sürpriz” gözləmir


Ermənistan Milli Məclisində müxalif “Şərəfim var” fraksiyasının katibi Tiqran Abraamyan isə deyib ki, KTMT üzvləri ilə Azərbaycan arasında “isti münasibətlər” nəzərə alınarsa, o bu təşkilatın mövqeyində heç bir sürpriz gözləmir:

“Ünvanlı qiymətləndirmə olmayacaq. Mən Belarusun bundan əvvəl “bizdən belə bir şey gözləməyin” mənasında səsləndirdiyi bəyanatı təsadüfi hesab etmirəm. Belarus prezidenti mahiyyətcə KTMT-nin bir çox üzvləri üçün nəyin məqbul olacağını bildirib. Hesab edirəm ki, hazırkı mərhələdə biz situasiyanı Rusiya ilə tənzimləməliyik. Yəni vasitəçilik rolu, hərbi dəstək və ya təchizat məsələlərini. Problemi belə həll etmək onu KTMT çərçivəsində həll etməkdən qat-qat asandır. Hərçənd KTMT-nin nizamnaməsində belə öhdəliklər nəzərdə tutulub”.

Azatutyunun “əgər Ermənistanın müraciəti cavabsız qalarsa, hakimiyyət blokdan çıxmaq məsələsini gündəliyə gətirə bilərmi” sualına Vigen Xaçatryan belə cavab verib:

“Çox vaxt qalmayıb. Cavabı gözləyək, bu barədə düşünərik”.

Rusiya prezidenti Vladimir Putin 44 günlük müharibədən sonra bu həftə ilk dəfə olaraq Yerevana səfər edəcək. Kreml bildirib ki, onun baş nazir Nikol Paşinyanla ayrıca görüşü nəzərdə tutulub.

Bu arada sosial media şəbəkələrinin erməni seqmentində KTMT-nin bu münaqişədəki passiv mövqeyi kəskin tənqid olunur, “KTMT-yə yox!” şüarlı etiraz aksiyalarına çağırışlar edilir.