Konqresmenlər banklara və limanlara Rusiya dizeli ilə bağlı xəbərdarlıq ediblər
28 Oktyabr 2026
ABŞ Konqresinin hər iki partiyasından olan bir qrup konqresmen Amerika banklarına, liman idarələrinə və yanacaq sənayesi təşkilatlarına Rusiya dizelinin idxalına şərait yaratmamaqla bağlı xəbərdarlıq edib. Onların sözlərinə görə, bu idxal federal qanunları poza və şirkətləri mülki, həmçinin cinayət məsuliyyəti ilə üz-üzə qoya bilər.
Konqresmenlər bu addımın həm də milli təhlükəsizlik baxımından narahatlıq doğurduğunu, Ukraynadakı müharibəni maliyyələşdirmək üçün Moskvaya əlavə gəlir qazandıracağını bildirirlər.
Prezident Trampın Rusiya prezidenti Vladimir Putinlə əldə etdiyi razılaşmaya əsasən, Moskva ABŞ-yə yüz minlərlə ton dizel yanacağı göndərməlidir və yaxın aylarda əlavə partiyaların tədarükü də planlaşdırılır.
"Rusiya dizelinin ABŞ-yə istənilən formada idxalı ciddi hüquqi suallar doğurur, həmçinin məhkəmə çəkişmələrinə və Konqres araşdırmalarına səbəb ola bilər", – konqresmenlər məktubda xəbərdarlıq ediblər.
AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu yazır ki, demokratlar noyabrda keçiriləcək aralıq seçkilərində Konqresin bir və ya hər iki palatasına nəzarəti ələ keçirsələr, bu cür araşdırmaları aparmaq səlahiyyəti qazanacaqlar.
Sözügedən məktubu demokrat senatorlar Cin Şahin, Ron Uayden, vəzifəsindən getmək üzrə olan respublikaçı senator Tom Tillis, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində demokratların aparıcı nümayəndəsi Qreqori Miks və digərləri imzalayıblar.
Onlar şirkətləri müvafiq hüquqi tələblər yerinə yetirilənədək Rusiya mənşəli dizel yanacağının alınması, daşınması və idxalına vasitəçilik etməməyə çağırıblar.