Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kommunikasiyalar üzərində üçüncü tərəfin nəzarəti olmayacaq, amma özəl şirkət ola bilər - İrəvan

Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında Sünikdən keçən yola üçüncü tərəflərin nəzarətini istisna edir. Lakin hər iki ölkədə lisenziyası olan bir şirkət dəmir yolu kommunikasiyalarını açarkən yük və ya sərnişinləri müşayiət etmək üçün cəlb edilə bilər.

Ermənistan KİV-i xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan deyib.

O, baş nazir Nikol Paşinyanın bu yaxınlarda keçirdiyi mətbuat konfransında kommunikasiyaların açılması halında özəl mühafizə şirkəti haqqında söylədiklərinə aydınlıq gətirib.

A.Mirzoyan bildirib ki, o sadəcə söylənilən fikirlərin necə dəyişdirilərək çatdırılmasından heyranlığını gizlədə bilmir, “müstəqil” ekspertlər isə uydurmanı reallıq kimi təqdim edirlər: “Dəhliz yaradılması və nəzarətin hansısa tərəfə verilməsi ilə bağlı heç nə müzakirə olunmur. Artıq üçüncü qüvvələrin mövcudluğunun qəbuledilməz olduğunu bildirdik. Mövqeyimizdə heç nə dəyişməyib”.

Ermənistan parlamentinin sədri Alen Simonyan isə deyib ki, Azərbaycanla Naxçıvan arasında gələcəkdə Sünikdən keçəcək kommunikasiyaların özəl şirkətə mümkün ötürülməsi Ermənistanın suverenliyini pozmayacaq.

Onun sözlərinə görə, hazırda bütün məqamlar müzakirə olunur.

“Bu cür funksiyaların hansısa təşkilata verilməsi təcrübəsi var və bu baş verərsə, Ermənistan qanunvericiliyinə uyğun olaraq tənzimlənəcək”, - spiker bildirib. O, Ermənistanın İran və Türkiyə ilə sərhədində rus sərhədçilərin olmasını nümunə gətirərək qeyd edib ki, “bu məsələdə də düşünməli olduğumuz məqamlar var”.

Lakin A.Simonyanın qeyd etdiyi kimi, hazırda bununla bağlı heç bir qərar qəbul edilməyib.